Son vaxtlar Türkiyə ilə aralarında soyuq küləklər əsən Hollandiya bu dəfə münasibətləri daha da gərginləşdirəcək addım atıb. Baki-xeber.com xəbər verir ki, Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanıyan qanun qəbul edib.
Hollandiya parlamentinin alt qanadı bununla bağlı iki qanun layihəsi qəbul edib.
Layihələrdən biri 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyır, digəri isə hollandiyalı bir nazirin 24 apreldə Ermənistanda təşkil eiləcək qondarma “soyqırım” tədbirlərinə qatılmasını nəzərdə tutur.
Layihə koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilib və təklif digər koalisiya partiyaları tərəfindən də dəstəklənib.
Xatırladaq ki, Türkiyə ilə Hollandiya arasında gərginlik 2017-ci ilin mart ayında başlayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enməsinə icazə verilməyib. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyadan Hollandiyaya keçərək Türkiyə səfirliyinə tərəf hərəkət edərkən polis tərəfindən qarşısı alınıb və o, ölkədən çıxarılıb. Bundan sonra Türkiyə hökuməti Hollandiya səfirinin ölkəyə daxil olmasına icazə verməyib. Ötən həftə isə Hollandiya hökuməti rəsmi qərarla Türkiyədəki səfirini geri çağırıb.