ABŞ-ın ötən həftə Suriyada Bəşər Əsəd rejiminin nəzarətindəki bölgələri bombardman etməsi nəticəsində 300 rus əsgəri ölüb. Baki-xeber.com xəbər verir ki, bu barədə Qərb agentlikləri məlumat yayıblar.
Bir neçə gün əvvəl BBC müxtəlif mənbələrə istinadən ABŞ bombardmanı nəticəsində ən azı iki rus əsgərinin öldüyünü yazmışdı. Ancaq “Conflict İntelligence Team” (CİT) adlı Rusiya araşdırma saytı indiyə qədər bombardmanlarda ölən 8 rus əsgəri barədə məlumat əldə etdiyini, bəzi Rusiya qəzetləri isə ölən rusların sayının 13 nəfər olduğunu bildirirlər.
"Reuters" isə bir hərbi həkimə istinadən 100 əsgərin, başqa bir mənbə isə ən azı 80 əsgərin öldürüldüyünü bildirir. Beş fərqli mənbə yaralıların Suriyadan çıxarılaraq Rusiyanın 4 hərbi hospitalına yerləşdirildiyini iddia edir. "Reuters"ə açıqlama verən Moskvada yaşayan hərbi həkim bir neçə gün əvvəl hadisədə 50 yaralının olduğunu, bunların da təxminən 1/3-nin vəziyyətinin ağır olduğunu deyib.
"Reuters" bir neçə mənbəyə istinadən ümumilikdə Rusiyaya aid 300 muzdlu əsgərin öldürüldüyünü, ya da yaralandığını iddia edir.
Məsələyə münasibət bildirən Kremlin sözçüsü Dmitiri Peskov onlarda bununla bağlı hər hansı bir məlumatın olmadığını deyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə 2 gün əvvəl 5 Rusiya vətəndaşının ölməsi ehtimalının mövcud olduğunu deyib, lakin onların Rusiya ordusunun üzvü olmadığını vurğulayıb.
Rusiya əsgərləri ötən həftə Suriya Demokratik Qüvvələri və ABŞ əsgərlərinin yerləşdiyi ərazilərə hücum edərək neft sahələrini ələ keçirməyə cəhd ediblər. Hişam yaşayış məntəqəsində Əsəd ordusuna qarşı döyüşən kürdlər ABŞ-dan dəstək istəyiblər və bunun ardınca ABŞ HHQ havadan onlara dəstək verib. Həmin döyüşdə ABŞ-ın hətta AS-130 odsaçan təyyarələrdən də istifadə etdiyi bildirilir. Qarşıdurmanın kürd qruplaşmalarla “Vaqner qrupu” arasında baş verdiyi bildirilir.
Məlumat üçün bildirək ki, Rusiya hərbi dairələrinə aid qeyri-rəsmi silahlı birləşmə olan “Vaqner qrupu” daha öncə Ukrayna ərazisində fəaliyyət göstərib, 2014-cü ildən isə Suriya ərazisində Əsəd qüvvələrinə dəstək verir.
Fevralın 14-də xəbər verilib ki, muzdlular Deyr-əz-Zorda kürdlərin nəzarətində olan neft-qaz yataqlarının yerləşdiyi əraziləri ələ keçirmək istəyərkən ABŞ HHQ və kürdlərin atəşinə məruz qalıblar. Lakin rus hərbi komandanlığı sözügedən ərazilərdə əks hücuma keçilməsinə icazə verməyərək, bunu “özfəaliyyət” adlandırıb.