Suriyanın müxalifət qüvvələri tərəfindən əsir alınmış İŞİD-çilər təşkilatın Əsədlə işbirliyini etiraf edib.
Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, terrorçular Əsəd rejiminin İdlibə Həma əyalətindən açdığı dəhliz vasitəsilə deeskalasiya zonasına keçmək istəyərkən ələ keçib. Sorğulanma zamanı terrorçular rejimlə təşkilatın fəaliyyətinin koordinasiya olunduğunu etiraf edərək bildiriblər ki, İdlibə yaxınlaşmalarına yardım məqsədilə Əsəd qüvvələri və Rusiya havadan müxaliflərə zərbə endirsə də, İŞİD-çiləri hədəfə almayıb.
Hazırda müxalifət Əsəd və onun müttəfiqlərinin sorğulamaya müdaxiləsinə imkan verməmək məqsədilə tutulanların yerini gizli saxlayır.
Xatırladaq ki, daha öncə 12 müxalif təşkilat İdlibin cənubunda və şərqində 400 İŞİD üzvünü əsir alıb.
Onu da xatırladaq ki, Suriyada müharibə 2011-ci ildə dinc etiraz nümayişlərinin sonradan silahlı münaqişəyə çevrilməsi ilə başlayıb. BMT-nin hesablamasına görə, münaqişənin davam etdiyi illər ərzində 400 min nəfər həlak olub, 10 milyon sakin evlərini tərk edib ki, onlardan da 4,8 milyonu ölkədən gedib.