Suriyada İran hədəflərini vuran İsrail F-16-sının vurulmasının ardından gərginlik pik həddinə çatıb.
Baki-xeber.com-un xəbərinə görə, hadisədən dərhal sonra İran dəstəkli “Hizbullah” İsrailin Suriya və Liviyanın “suverenliyini təhdid edən istənilən hərəkətinin cavabsız qalmayacağını” bəyan edib. Təşkilatdan verilən rəsmi açıqlamada son hadisələrin “artıq bölgədə dəngələrin dəyişdiyini göstərdiyi” vurğulanır.
Rəsmi Tehran təyyarənin vurulması ilə konkret mesajın verildiyinə diqqət çəkib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan yardımçısı Hüseyn Səlami isə “Təkcə İsrailin deyil, ABŞ-ın da bölgədəki bütün bazalarını yox etmək gücündəyik” açıqlaması ilə mövzuya damğasını vurub. Onun bu fikrini İranın Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sözçüsü Hüseyn Hüseyni “Al Jazeera” telekanalına açıqlamasında davam etdirərək , İsrailin istənilən hərəkətinə cavab veriləcəyini bildirib.
İsrail isə, İran və “Hizbullah”dan gələn sərt mesajlara qarşılıq olaraq şimal sərhədlərində havadan müdafiə sistemlərini gücləndirmək qərarı verib. Bu barədə yerli “Reshet 14” telekanalı xəbər verib. Bunun ardınca isə İsrail Baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinə telefon açdığı bildirilir. Danışıqların əsasən İsrailin Suriyadakı hədəflərinə hava hücumlarının müzakirə olunduğu xəbər verilir. Telefon danışığının ardından Kremldən verilən açıqlamada isə “Rusiyanın bölgədəki qarşıdurmanı alovlandıracaq istənilən addıma qarşı olduğu” ifadə edilir.
Bu arada ABŞ-dan İsrailə dəstək mesajları gəlib. Ağ Evin mətbuat sözçüsünün açıqlamasında deyilir ki, İsrail ABŞ-ın sadiq müttəfiqidir və Vaşinqton İsrailin İranın dəstəklədiyi suriyalı mücahidlərdən özünü qoruma haqqını tanıyır. Daha öncə isə Pentaqon sözçüsü Adrian Rankine-Galloway verdiyi açıqlamada “İsrail bölgədə ən yaxın güvənlik ortağımızdır. İsrailin torpaqlarına yönəlik təhdidlərdən müdafiə haqqını dəstəkləyirik” deyib.
Bütün bu baş verənlər isə Rusiya ilə ABŞ-ın bölgədə üz-üzə gələcəyini, bununla da regionda təzyiqin daha da yüksələcəyini istisna etmir.
SAMİRƏ