Ermənistanda çevriliş cəhdi - yüksək rütbəli səkkiz hərbçi həbs edildi

Azərbaycanın Qarabağda cəmi 24 saat davam edən uğurlu antiterror tədbirlərindən sonra Ermənistanda sular durulmur. Günlərdir Paşinyan iqtidarına qarşı etiraz aksiyalarına səhnə olan ölkədə dövlət çevrilişi planlaşdırdığı iddiası ilə bir çox yüksək rütbəli zabit saxlanılıb. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
MTX-dən saxlanan 8 yüksək rütbəli hərbçinin özlərini “Vətənpərvər Səlibçi” kimi tanıdan silahlı qrupla əməkdaşlıq etdikləri və dövlət çevrilişi üçün hazırlıq gördüyü bildirilib.
Bəyanatda təşkilat üzvlərinin hökumət üzvlərinə və Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ideoloji düşmənçilik bəslədikləri qeyd edilir. Məlumatda bildirilib ki, əməliyyatlar zamanı çoxlu sayda silah-sursat ələ keçirilib və cinayətkar təşkilat üzvləri rabitə vasitələri, siqnal pozucu alətlər və s. əldə etməklə cinayətin törədilməsinə ilkin şərait yaratmaq istəyiblər.
“Cinayət işi çərçivəsində əldə edilmiş kifayət qədər maddi sübut əsasında cinayətkar təşkilatın 8 üzvü saxlanılıb və cinayət işi başlanıb" - açıqlamada deyilir
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Paşinyan müxalifətin onu küçə etirazları ilə istefaya dəvət etməsindən sonra xalqa müraciətində ölkədəki bəzi təşkilatların onun hakimiyyətini devirmək üçün “çevriliş planı” hazırladığını bildirmişdi.
Tahir TAĞIYEV