Qəbələnin Laza kəndliləri turistlərə qarşı niyə aqressivləşdi?..

img

Bir neçə gün əvvəl Qəbələnin Laza kəndində yerli sakinlərin yolu bağlayaraq turistləri kəndə buraxmadıqları ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Bildirilir ki, kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər kənddə avtomobildən istifadənin yasaqlanmasını tələb ediblər. Sakinlər bu addımı  kənd yollarında yaranan sıxlığına görə atdıqlarını deyir.

  • Dövlət Turizm Agentliyi - Gülnar Mustafayeva: “Etiraz turistlərlə deyil, kənd sakinləri və oradakı iaşə obyekti sahibləri arasında anlaşılmazlıqdan irəli gəlib”

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin sözçüsü Gülnar Mustafayeva bildirdi ki, hadisə turistlərlə bağlı olmayıb: “Artıq məsələ həll olunub, yol açıqdır. Məsələ ilə bağlı daha detallı araşdırma aparılacaq, amma onu qeyd etmək lazımdır ki, etiraz turistlərlə deyil, kənd sakinləri və oradakı iaşə obyekti sahibləri arasında anlaşılmazlıqdan irəli gəlib”.

  • Laza kənd icra nümayəndəsi - Nazim Cənnətəliyev: “Turistlər kəndə buraxılıb, sadəcə yerli sakinlər maşınların kəndə daxil olmasına etiraz edib”

Laza kənd icra nümayəndəsi Nazim Cənnətəliyev də bildirdi ki, kənd sakinləri ilə turistlər arasında heç bir münaqişə yaranmayıb: “Onlar yerli turistlər olublar. Turistlər kəndə buraxılıb, sadəcə yerli sakinlər maşınların kəndə daxil olmasına etiraz ediblər. Kəndin yolu olduqca dar olduğundan, turistlərdən avtomobilləri kəndin girişində saxlayıb piyada gəzməyi tələb ediblər. Həmin yola eyni anda bir neçə maşın girəndə tıxac yaranır. Bu da kənd sakinləri üçün narahatlıq yaradır".

  • Elçin Rüstəm: “Küçədə eyni anda iki maşın yanaşı hərəkət edərsə həmin ərazi keçilməz olur”

Turizm üzrə ekspert Elçin Rüstəm qeyd etdi ki, yerli və xarici turistlərin  ən çox üz tutduğu məkanlardan biri də Laza kəndidir: “Bu kəndin yolları dardır. Küçədə eyni anda iki maşın yanaşı hərəkət edərsə həmin ərazi keçilməz olur. Ərazidə uzun-uzadı tıxac yaranır. Sakinlər məlum tələblərində haqlıdırlar. Bunun üçün  yerli özünü idarəetmə orqanları avtomobillər üçün duracaq və infrastrukturu daha da yaxşılaşdırmaq üçün addımlar ata bilərdilər. Buna görə, kənd camaatının bu qaldırdığı problem əslində vacib problemlərdən biridir, ictimai diqqəti problemə yönəltməkdir”.

Ekspert onu da əlavə etdi ki, Azərbaycanda avtomobillə müəyyən mərkəzlərə girmək qadağandır. Misal üçün, Lahıcın mərkəzi hissəsi qoruq elan edilib, ora giriş qadağandır. Laza kəndində də eyni qayda tədbiq edilərsə nə yerli camaat əziyyət çəkər, nə də turistlər saatlarda yollarda tıxacda qalmalı olar.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər