Gələn ilin Novruz bayramında Azərbaycandan Günəş tutulması müşahidə olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, 2015-ci ilin ilk tam Günəş tutulması martın 20-sinə təsadüf edəcək. Onun sözlərinə görə, bu hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.
X. Mikayılov qeyd edib ki, Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatacaq: "Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə başa çatacaq. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir".