Xəbər verildiyi kimi bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp, bir müddət əvvəl “Washington Post” qəzetinin yazarı Camal Kaşikşının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə əlaqədar Səudiyyə rəhbərliyini sanksiyalarla hədələyib.
Baki-xeber.com xəbər verir ki, Tramp, jurnalistin konsulluqda öldürüldüyü sübuta yetirilsə, Səudiyyə Ərəbistanına qarşı ağır cəza tətbiq ediləcəyini deyib. “Biz bunun dərinliyinə qədər gedəcəyik və ağır cəza olacaq” deyən Tramp, hazırda qətlin arxasında Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın dayanıb-dayanmadığını heç kimin bilmədiyini, lakin bunu çox güman ki, müəyyən ediləcəyini bildirib. Tramp əlavə edib ki, bu sübuta yetirilsə, ABŞ çox məyus və qəzəbli olacaq.
Səudiyyəyə qarşı sanksiyalar tətbiq oluna biləcəyini vurğulayan Tramp, bunun beynəlxalq səviyyəyə daşına biləcəyini də deyib. Ancaq Tramp, Səudiyyə Ərəbistanına silah satışını dayandırmayacağını vurğulayıb. ABŞ prezidenti bunu, ölkədəki iş yerlərinə zərbə vurmamaq istəməsilə əsaslandırıb.
ABŞ prezidentinin təhdidlərinə Səudiyyə Ərəbistanı da təhdidlərlə cavab verməyə başlayıb.
Səudiyyənin rəsmi SPA portalına açıqlama verən rəsmilərdən biri krallığın, bütün təhdidləri, iqtisadi sanksiyaları və ya siyasi təzyiqləri rədd ediyini deyib. Riyadın hər hansı addıma daha sərt şəkildə cavab verəcəyini deyən Səudiyyə rəsmisi, neftlə zəngin ölkəsinin dünya iqtisadiyyatında təsirli və həyati əhəmiyyətli rol oynadığını söyləyib.
“El Arabiya” televiziyası isə Səudiyyə Ərəbistanının sanksiyalara qarşı ata biləcəyi 30-dan çox əks-addımın olduğunu açıqlayıb. Səudiyyə rəhbərliyi, mümkün sanksiyalara qarşı ilk addım kimi neft qiymətlərinə müdaxilə edəcəyini və qiymətləri hətta 3-4 dəfə artıracağını bildirir.
Səudiyyə təbliğat ruporlarında "ABŞ-a qarşı neftin qiymətini 100-200, hətta 400 dollara qədər artıra bilərik" mesajlarında ABŞ açıq-aşkar neft böhranı ilə təhdid edilir.
Səudiyyənin digər təbliğat elementi isə İrandır. Bildirilir ki, Riyada qarşı tətbiq edilə biləcək sanksiyalar bölgədə vəziyyəti gərginləşdirəcək, bu isə daha çox İranın işinə yarayacaq. Bu vəziyyətdə İran təhdidinin daha da artacağını bildirən səudiyyəlilər, sanksiyaların dünyanı həm siyasi, həm də iqtisadi fəlakətə sürükləyəcəyini deyir.
Qeyd edək ki, Böyük Britaniya da Səudiyyəni sanksiyalarla hədələyib.