Tarixdə iz buraxanlar: Xarəzmi

Xarəzmi doqquzuncu əsrdə yetişən, cəbr sahəsində ilk dəfə əsər yazan, müsəlman-türk, riyaziyyat, coğrafiya və astronomiya sahələrində tanınan bir elm xadimidir. 780-ci ildə Xarəzmdə anadan olduğu qəbul edilir. Adı Məhəmməd ibn Musa əl-Xarəzmidir. Bəli, ona uca peyğəmbərimizin adını qoyublar. Məhəmməd kiçik yaşlarından babalarının nəsildən-nəslə ötürdüyü bilikləri mənimsəməklə yanaşı, doğma şəhərində tanınan böyük alimlərdən dərs alır, hind və yunan elmi ilə yaxından tanış olurdu.
Məhəmməd ibn Musa əl-Xarəzmi Xarəzm şəhərində ibtidai təhsilini tamamladıqdan sonra Bağdada gedib və orada xəlifənin xidmətinə girib. Xorasan bölgəsində yerləşən Xarəzmi gəncliyinin ilk illərində Bağdaddakı müasir, inkişaf etmiş elm atmosferinin varlığını öyrənib. Elmi mövzulara hədsiz dərəcədə bağlı olan Xarəzmi bu mövzuda çalışma idealını həyata keçirmək üçün zamanın elm mərkəzi sayılan Bağdadda dəyərli islam alimlərindən dərs alıb, zamanın Abbasi xəlifəsi Məmundan böyük yardım və dəstək görüb. O zamanlar alimləri himayə edən Abbasi xəlifəsi Məmun Xarəzminin elm qabiliyyətindən xəbərdar olduqda onu öz tərəfindən keçmiş Misir, Mesopotamiya, Yunan və keçmiş Hind mədəniyyətlərinə aid əsərlərlə zənginləşdirilən Bağdad Saray kitabxanasındakı xarici əsərlərin tərcüməsini etmək məqsədilə qurulan bir tərcümə akademiyası olan Darülhikmətin idarəsini Xarəzmiyə tapşırıb. Beləcə, bütün ehtiyacları xəlifə tərəfindən qarşılanan Xarəzmi Bağdadın elmlər mərkəzi olan Darülhikmətdə riyaziyyat, astronomiya və coğrafiya sahələrində tədqiqat işləri aparmağa başlayıb.
Qısa bir zamanda Bağdadın elm aləmində ad-san qazanan Xarəzmi Şamda olan Kasiyun Rəsədxanasında çalışan elm heyətində və Yer kürəsinin bir dərəcəlik meridian yayı uzunluğunu ölçmək üçün Sincar Ovasına gedən elmi heyətdə olduğu kimi, 830-cu ildə bir elmi heyətin rəhbəri olaraq elmi-tədqiqat işlərini davam etdirmək üçün Əfqanıstan yolu ilə Hindistana gedib və çox böyük nəticələr əldə edib.
Onun ilk kitabı "Əl-Cəbr vəl-müqabələ" olub. Bu görkəmli elm xadiminin ərəbcə əl-Xarəzmi adı əvvəlcə riyaziyyatda ərəb rəqəmləri ilə hesabı, sonra isə ciddi qaydalar üzrə hesablama sistemi kimi alqoritmi bildirmək üçün işlədilib.
Orta əsrlərin əvvəlləri Avropada "qaranlıq çağ" adlanırdı. Hər şəhər özünü dövlət, hər feodal hökmdar sayırdı və əsl hökmdarlar da belələrinin başını əzir, şəhərləri alır, dövlət qururdular. Avropa şəhərlərində hamam, kanalizasiya, kiçik yaşlılar üçün məktəblər, böyüklər üçün həkimxanalar və xəstəxanaların nə olduğu bilinmirdi. Hazırda Qərbdə islamofobiya və müsəlman düşmənçiliyi meylləri artır, müsəlmanların bəşər tarixində və elmində tutduqları yerlər "təftiş" olunur. Fəqət, müsəlmanlar dünya elminə və bəşər tarixinə böyük töhfələr veriblər. Müqəddəs kitabımız Qurani-Kərimdə deyilənlərə riayət edən İslam alimləri keçmişlərin ənənələrini qoruyaraq, öz biliklərindən faydalanaraq elm yaymağa başlayıblar.
Səhiyyə və təbabət müsəlman alimlərin ən böyük uğurlar qazandıqları sahələrdir. Məhz İslam xilafətində dünyanın ilk xəstəxanaları, ilk tibb mədrəsələri inşa edildi. Dahi ibn Sina isə çağdaş səhiyyənin ulu babası sayıldı.
Xarəzm şəhərində yaşamış dahi riyaziyyatçı Məhəmməd əl Xarəzminin cəbr və alqoritmlər, onluq hesab sistemi, kökaltı, triqonometriya və başqa onlarla kəşfi olmadan riyaziyyat elmini təsəvvür etmək mümkün deyil.
Cəbrin atası Məhəmməd ibn Musa əl-Xarəzm yazdığı "el-Kitab el muxteser fi hesab el-cebr və I-müqabile" adlı əsərində analitik həndəsə haqqında məlumat verib. O ilk dəfə cəbrin bir elm olaraq metodika və sistematikliyini meydana çıxarıb, "cəbr" sözünü, habelə sıfırı elmə qazandırıb. "Bir səkkizdən digərini çıxanda, yerdə heç nə qalmaz. Yerinə bir dairəcik qoy...". Bu sözlər ona məxsusdur. Sıfırı izah edən Xarəzmidir.
Dövrünün ən böyük alimlərindən biri olan Əbu Abdullah Məhəmməd ibn Musa əl-Xarəzmi Qərb elm dünyasında dərin izlər qoymuş, riyaziyyatçı, astronom və coğrafiyaşünasdır. Xarəzmi ömrünün böyük bir hissəsini Bağdaddakı Beytül-hikmətdə keçirib. Cəbr və alqoritm elminin banisi və bu elmlərə ad verən İslam alimi olub. Onun cəbr sahəsində ilk əsəri: "Cəbr və müqayisə hesabları" kitabıdır. Orijinalı Oksford Universitetində saxlanan bu kitabda dünyada ilk dəfə olaraq onluq say sistemini açıqlamış və üstəlik ilk dəfə olaraq, tənlik qurma üsulu ilə məsələni həll etmə yollarını göstərib. Xarəzminin bu əsəri riyaziyyat elminin inkişafında olduqca böyük tarixi rol oynayıb və 600 ildən artıq bir müddət ərzində riyaziyyatın tədrisi üçün mənbə hesab olunur.
Xarəzmi riyaziyyat sahəsində dünyada ilk dəfə sıfır rəqəmindən istifadə edib. Cəbr elmini metodika və bir sistem olaraq ortaya qoyub. Xarəzmiyə qədər cəbr adı altında olmamaqla bərabər, cəbrə aid bir çox mövzu varmış. Xarəzmi bunları yeni üsul və kəşflərilə sistematik bir hala gətirərək cəbr adı altında toplayıb.
Orta Asiyanın ən məşhur alimlərindən olan Xarəzminin əsas əsərləri "Cəbr və müqabilinin hesablanması haqqında qısa kitab," "Hind hesabı haqqında kitab," "Yerin mənzərəsi haqqında kitab" və s. olub. Xarəzminin əsərlərində dərin materialist, dialektik ünsürlər var. Xarəzminin "Cəbr və müqabil..." əsəri XII əsrdə ərəbcədən latıncaya tərcümə edildikdən sonra hind say sistemi Avropada tanınıb. İndi bir çox əcnəbi dillərdə işlənən "Alqebra" sözü "Əl-Cəbr" sözünün dəyişdirilmiş tələffüzüdür. Əsər uzun müddət Avropa ölkələrində əsas dərslik kimi istifadə edilib.
Xarəzmi o zamanlar riyaziyyat elmilə yanaşı, astronomiya və coğrafiya elmlərində də söz sahibi idi. O, Yer üzünün quruluşunu tədqiq edərək bu mövzuda bir çox kəşfləri ortaya qoyub. Xarəzmi Yer üzünün miqyasını araşdıran alimlər heyətinə xəlifə tərəfindən rəhbər təyin edilib. O zamanlar tanınan şəhər, dağ, çay və adaları elmi nöqteyi-nəzərdən tədqiq edib. Nəticədə "Kitabu-Sürət-il-Arz" adlı kitabını heyətin hazırladığı əsərə əlavə edib.
Xarəzmi bu əsərində Nil çayının mənbəyini açıqlayıb, Bartolomeusun astronomiyaya aid cədvəllərində düzəlişlər edib. Onun hazırladığı astronomiya tabloları əsrlər boyu elm dünyasına rəhbərlik edib. Bu tablolar XVI əsrdə avropalı alimlərə rəhbər olmaqla qalmayıb, başda Endülüs alimləri olmaqla, bütün müsəlman fənn alimləri tərəfindən də tədqiq edilib. Günəş və Ay tutulmaları və parallaksa dair tədqiqatlarının olduğu "Zic-ül-Xarəzmi" adlı əsərində astronomiya üçün lüzumlu triqonometriya bilgisi və triqonometriya cədvəlləri də var.
Xarəzminin riyaziyyat, astronomiya və coğrafiya sahələrində yazdığı çox sayda əsərin bəziləri bunlardır:
1. "Kitab fil-Hisab" adlı əsərində bu gün istifadə edilən sıfırlı ərəb rəqəmlərini və onluq sistemini izah edir. Bu əsər Adelxard Batx tərəfindən latıncaya tərcümə edilib və dəfələrlə yayımlanıb.
2. "Kitabu Cedavil-in-Nücum və Harekatiha" adındakı əsər iki cilddən ibarət olub, astronomiya elminə əsaslanaraq, ulduzlarla planetləri və bunların hərəkət və fəaliyyətlərini incələyir.
3. "Kitabul-Muhtasar fil-Hisabil-Hindi" adındakı əsər Xarəzminin çox mühüm əsəridir. Riyaziyyat elminə aid olan bu möhtəşəm əsərin Kembridj Universitetinin kitabxanasında "Alqoritmdə Numero İndorum" adı altında Adelxard tərəfindən edilən tərcüməsi mövcuddur.
4. "Kitabul-Muhtasar fil-Hisabil-Cəbr vel-Mukabele" adlı əsər Xarəzminin ən mühüm əsəridir. Bu kitabın əsli İngiltərənin Oksford kitabxanasındadır. Bu əsər cəbr elminə adını verən və bu sahədə yazılan ilk əsərdir. Bu əsərdə cəbr sisteminə aid qeyd və teoremlərlə yeni həll yolları anladılır.
Riyaziyyat elminin elmlər arasında oynadığı rol və daşıdığı qiymət göz önünə alındıqda Xarəzminin bu sahədə apardığı tədqiqatları və əldə etdiyi nəticələrin nə ölçüdə köklü və təsirli olduğu aydın olur. Allah-Təalanın müxtəlif hikmət və intizam içərisində yaratdığı kainatdakı qanun və incəlikləri bəlli bir ölçüdə anlamağa böyük ölçüdə yardımı olan bu elm bir müsəlman-türk elm adamı tərəfindən sağlam əsaslar üzərinə oturdulub inkişaf etdirilməsi böyük bir iftixar vəsiləsi və elmi çalışmalar üçün köklü və böyük bir təşviq mənbəyidir.
Türk yurdu Xarəzm qəhrəmanlar eli olduğu qədər, elmin və sənətin də beşiyidir. Cəbr elminin qurucusu Xarəzmi dünyanın ən böyük dahisi olaraq hələ də elm aləminə hakimlik edir. O, riyaziyyat elminə cəbri əlavə edərək yeni bir cığır açdı və cəbrin yaradıcısı olaraq bütün dünyada şöhrət qazandı.
Təkcə cəbrmi? Xeyr! Xarəzmi triqonometriyanın da qurucusu olaraq tanınmaqdadır. Onun astronomiya üzrə də çox qiymətli elmi əsərləri var və Bağdad xəlifəsinin əmri ilə yazdığı "Kitabu-Sürət-il-Arz" adındakı göy üzünün atlası o zamanın ən böyük kəşflərindən biridir.
Ömrünün sonuna kimi Hikmətlər evində yaşayıb yaradan Xarəzmi riyaziyyat, coğrafiya və astronomiya sahəsində 20-yə yaxın qiymətli əsərin müəllifi olub.
Xarəzmi təqribən 850-ci ildə Bağdad şəhərində vəfat edib. "Alqoritm" sözü Xarəzminin latınlaşdırılmış adındandır. UNESCO-nun qərarı ilə 1983-cü ildə Xarəzminin anadan olmasının 1200 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib.
Xarəzmi adı ilə tanınan bu tarixi şəxsiyyətimizi rəhmətlə xatırlayırıq.
Ruhu şad olsun!
Fazil QARAOĞLU,
professor