Aydın Mirzəzadə: "Roma Papası Fransa hökumətindən Korsika xalqına qarşı münasibətin dəyişməsi tələbini gündəmə gətirməlidir"
Məlum olduğu kimi, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Roma Papasına müraciət ünvanlayıb. Müraciət Korsikanın dekolonizasiyası prosesinə dəstək üçün edilib.
Müraciətdə deyilir: "Təşkilatın əsas məqsədi dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır. Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir.BTQ, hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır. Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur".
Məlumata görə, Roma Papası artıq Korsikaya gedib. Korsikada dini müxtəlifliklə bağlı keçiriləcək konfransda iştirak edəcək və Makronla da görüşəcək. Maraqlıdır, bu görüş Korsika xalqının mübarizəsində necə rol oynayacaq? Ümumiyyətlə, Bakı Təşəbbüs Qrupunun müraciəti ilə Papanın Korsikaya səfəri arasında hansı bağlılıq var?
"Avropa xristian ölkəsi olsa da, Roma Papası bu kimi məsələlərdə kənarda qalmamalıdır, o xalqın hüquqlarına hörmətlə yanaşılmasını dəstəkləməlidir"
Millət vəkili Aydın Mirzəzadə "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, müasir dövrdə kilsələr bir qayda olaraq ölkələrin daxili işlərinə qarışmamağa üstünlük verir. Ancaq bununla bağlı Korsika xalqının müstəqillik arzusu günü-gündən artır. Fransa dövlətinin müstəmləkəsi olan bu xalqların hüquqları kobud şəkildə pozulur: "Belə ki, Korsikada əhali öz doğma dilində danışa bilmir, səbəb isə - Fransa buna icazə vermir. Korsikaya ikinci dərəcəli region kimi baxılır. Bu gün ölkələrə demokratiya və insan hüquqları dərsi keçən ölkənin məlum hərəkətləri dünyada təəccüb doğurur. Azərbaycan dəfələrlə Korsika xalqının müstəqillik səsinin eşidilməsini dəstəkləyib. Nəzərə almaq lazımdır ki, Avropa xristian ölkəsi olsa da, Roma Papası bu kimi məsələlərdə kənarda qalmamalıdır. O xalqın hüquqlarına hörmətlə yanaşılmasını dəstəkləməlidir. Roma Papası Fransa hökumətindən Korsika xalqına qarşı münasibətin dəyişməsi tələbini gündəmə gətirməlidir. Ümid edirəm ki, Azərbaycanın məlum müraciəti Roma Katolik kilsəsində müəyyən əks-səda doğuracaq".
Günel CƏLİLOVA