27 aprel 2023-cü il tarixində Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolonanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Katrin Kolona arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə Azərbaycan və Fransa arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.
Post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib. Nazir, mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Fransanın keçmiş münaqişənin həll olunması istiqamətində danışıqlar prosesində iştirakına istinad edən nazir Bayramov post-münaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqenin sülh prosesinə töhfə vermədiyini diqqətə çatdırıb.
Katrin Kolona Azərbaycan və Fransa arasında əlaqələrin, iki ölkənin liderləri arasında siyasi dialoqun tarixindən bəhs edərək, hazırki dövrdə bir sıra məsələlər üzrə yanaşmalarımızın üst-üstə düşməməsinə baxmayaraq, münasibətlərin inkişafı istiqamətində sıx təmasların, siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyət kəsb etdiyini bildirib və regionda sülhün bərqərar olunması səylərinə Fransanın da dəstək göstərməyə hazır olduğunu bildirib.
“Azərbaycan heç zaman Fransa ilə münasibələrin gərginləşməsinə səbəbkar olmayıb. Hətta münasibətlər gərgin olan zaman Azərbaycan təmaslardan çəkinməyib” – deyən Ceyhun Bayramov "Uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edib və uğurlu bir əməkdaşlıq kimi səciyyələndirilə bilər", - deyib.
Ceyhun Bayramov yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtmasının gözlənildiyini açıqlayaraq bildirib ki, Azərbaycan təkliflər irəli sürsə də Ermənistan cavab verilməsi prosesində də ciddi ləngimələrə səbəb olur. “Son dəfə Ermənistandan biz sülh müqaviləsi ilə bağlı şərtləri almaq üçün 6 həftə vaxtımız getdi. Bu da prosesin gedişatı ilə üst-üstə düşən hal deyil”, - deyə nazir əlavə edib.
C.Bayramov deyib ki, biz Fransanın bir dəfə də olsun Ermənistana çağırış etməsinin şahidi olmadıq.
"Fransa Ermənistanın Azərbaycan ərazilərində qanunsuz əməllərinə, qanunsuz silahlı qruplaşmalar saxlamasına heç bir etiraz etmədi, çağırış etmədi. Fransa prezidentinin də iştirakı ilə bəyanat imzalanmışdı, ancaq biz şahidi olmadıq ki, Fransa Ermənistana hər hansı bir çağırış etsin. Bu, bölgədə gərginliyin bir nömrəli səbəbidir", - nazir əlavə edib.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.