Azərbaycan Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsini qurduqdan sonra ermənilər və onların havadarları quyruğu yanmış siçana dönüblər, özlərini o tərəfə, bu tərəfə vururlar ki, necə bir yalan uydursunlar və Azərbaycanın “KPP”-sini qaralamağa, onun əsl mahiyyətini təhrif etməyə nail olsunlar. Gecə-gündüz baş çatladıb yeni yalan uydurublar və həmin yalanı da rusdilli erməni mediasında yayıblar. Guya Şuşada 4 “erməni kəndi” tamamilə “bloklanıb”.
Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırdıqdan sonra, guya əhali “humanitar böhranla” üzləşib.
Ermənilərin “Exçaox” adlandırdığı Salatınkənd, Mest Şen adı verdiyi Böyük Qaladərəsi və daha iki kəndin “rəhbərləri” iddia edib ki, guya dörd kəndin əhalisi “Arsax”a və Ermənistana getməkdən “məhrumdur”. “Rəhbər”lər deyiblər ki, keçid məntəqəsinin quraşdırılması əhali üçün “problem” yaradıb. Bildiriblər ki, bundan sonra ermənilər kəndi tərk edib və ya tərk edəcəklər, Azərbaycanın tələblərinə əməl etməsələr, bir daha oraya qayıda bilməyəcəklər.
Azərbaycan “KPP”-ni qaralamaq üçün yeni “blokada” hekayəsi uyduran ermənilərin məqsədi aydındır: daha çox yalan uydurmaqla, mənasız hay-küy etməklə dünyanın diqqətini özlərinə cəlb etmək, Azərbaycanı qara rəngdə təqdim etmək.
Politoloq Tural İsmayılov “Bakı Xəbər”ə açıqlamasında “Ermənistanın təxribat və dezinformasiya maşınının yalanları dünya ictimaiyyətində növbəti bir ağlaşma şousuna fokslanmağa səbəb ola bilər. Ermənilər hələ indən sonra tipik yalançılıqlarını davam etdirəcəklər. Hesab edirəm ki, hələ bundan sonra müxtəlif təxribatlar törədəcəklər, dezinformasiyalar yayacaqlar. Bu təxribatları isə Azərbaycanın üzərinə atmağa çalışa bilərlər. Ona görə də, bunun hələ başlanğıc olduğunu düşünürəm. Ermənistan və onun havadarları Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi formalaşdırmasını həzm edə bilmirlər. Həzm edə bilmədikləri səbəbindən də ölkəmiz əleyhinə müxtəlif çirkablardan və dezinformasiya üsullarından istifadə edirlər. Hesab edirəm ki, bu cür yalanlar, təxribatlar dövlətimizin iradəsini əsla sarsıda bilməz. Azərbaycanın konkret olaraq Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması labüd idi”-deyə bildirdi.
T.İsmayılovun sözlərinə görə, bu, separatçılığın, ərazilərimizə qanunsuz yollarla silah-sursat daşınmasının qarşısını alır, eyni zamanda Xankəndi ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası dövlətimizin əsas hədəflərindən biridir. “Hesab edirəm ki, Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsini quraşdırmaqla biz bu məsələdə də istəklərimizə nail oluruq. Biz ermənilərin və onların havadarlarının Azərbaycan əleyhinə müxtəlif informasiya təxribatlarına da fikir verməməliyik”-deyə T.İsmayılov vurğuladı.
İradə SARIYEVA