“Biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var”. Bunu Prezident İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Ölkə başçısı bildirib ki, Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır: “Biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”.
Bütün bu deyilənlərlə yanaşı, Azərbaycan Avrasiyanın enerji xəritəsində nələri necə dəyişəcək?
“Nəticədə daha çox Avropa ölkəsinin qazla təmin olunmasında iştirak edəcəyik”
Sözügedən mövzu ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, praktiki olaraq Azərbaycan Avropanın enerji xəritəsinin dəyişməsinə öz töhfəsini verib: “Birincisi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ilkin layihəsi ilə çoğrafi olaraq biz bunu etdik. Çünki coğrafi olaraq Gürcüstanla Türkiyə Avropa ərazisinə daxildir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasına uyğun olaraq Azərbaycan ciddi nailiyyətlərə imza atır. Əvvəl Bakı-Tbilisi-Ərzurum qaz xətti çəkildi. Daha sonra bu xətt Ərzurumdan başlayaraq Türkiyənin Yunanıstan sərhədinə qədər uzadıldı. Yəni TANAP boru kəməri çəkildi. Daha sonra TANAP TAP-a inteqrasiya olunaraq İtaliya və digər Avropa ölkələrinə qaz ixracına başladı. Daha sonra biz artıq Avropada mövcud olan interaktiv xətlərlə ilkin olaraq Bolqarıstan və Rumınıyaya qaz ixrac etməyə başladıq. Bir sözlə, Balkan dövlətləri də daxil olmaqla, Azərbaycan 10 Avropa ölkəsinə qaz ixrac edəcək. Burada söhbət təkcə qaz təchizatından getmir. Hamıya bəllidir ki, Azərbaycanın mövcud gücü və qaz xəttimizin bəlli ötürmə potensialı var. Ona görə də, tələbat artdıqca həm qaz xətlərimizi şaxələndirərik, həm də onların ötürücülük qabiliyyətini artıracağıq. Nəticədə daha çox Avropa ölkəsinin qazla təmin olunmasında iştirak edəcəyik. Bu layihələri həyata keçirməklə, həm də kommunikasiyaları regiona gətiririk. Bununla paralel, yeni kadrlar hazırlanır, idarəçilik sistemi gətirilir. Deməyim odur ki, bunun çoxşaxəli iqtisadi və siyasi dividendləri var. Görünən odur ki, Azərbaycan mərhələli şəkildə Avropanın enerji təhlükəsizliyində payını artırır. Bu işdə Azərbaycan kompleks şəkildə üzərinə düşən işləri həyata keçirir. Bu nöqteyi-nəzərdən ölkəmizin enerji təchizatında payı, nüfuzu artır. Həmçinin bu yöndə həyata keçirilən layihələr gələcəkdə Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya ixrac olunmasına yol açacaq”.
Vidadi ORDAHALLI