Paşinyan ətrafında yeni korrupsiya qalmaqalı yaranır. Buna səbəb erməni deputat Artem Çarukyanın bəzi faktları ortaya çıxarmasıdır.
A.Çarukyanın sözlərinə görə, Ermənistanın indiki hökumətində təmiz, qanuna tabe olan məmurlar yoxdur. Faktiki olaraq, bu ölkənin səlahiyyətliləri arasında heç bir layiqli insan tapa bilməzsiniz.
Deputat qeyd edib ki, Ermənistanın hazırkı hökuməti cəmi iki ildə öz ətrafında kifayət qədər zəngin bir “korrupsiya tarixi” formalaşdıra bildi. O, bununla bağlı bir sıra məqamlara xüsusi olaraq toxunub: “Təkcə “bonus institutu” sistemli korrupsiyanın bariz nümunəsidir. Nikol Paşinyan komanda yoldaşlarını dövlət büdcəsi və vergi ödəyiciləri hesabına “zənginləşdirir” və onlarla birlikdə “gəzdiyinə” görə mükafatlandırır. Paşinyan haqqında əldə etdiyimiz məlumatlar kifayət qədər etibarlıdır. Nikol Paşinyanın fərdi komanda yoldaşları onun maraqlarını müdafiə etdiyi üçün böyük məbləğ alıblar. Kanadada Paşinyanın cangüdəninin bacısının adına 3 milyon dollarlıq bir ev alınıb”.
Bundan başqa, “Qraparak” nəşri yazır ki, Ermənistanda korrupsiya qalmaqalları prosesi sürətlənməyə başlayır: “Böyük şirkətlər, Baş nazirin ailəsi ilə yaxın əlaqəsi olan fərdi şəxslər vasitəsilə ya dövlətin xeyrinə səhmlərindən imtina etməyə məcbur edilir, ya da cinayət məsuliyyətinə cəlb edilməyə başlayırlar. Bir sıra ekspertlər hesab edirlər ki, Anna Hakopyan rəhbərlik etdiyi “Haykakan Jamanak” qəzeti vasitəsilə mətbuatda “sızmalar” təşkil edir. Eyni zamanda, bir çox iş adamı üçün səmərəli problem həll edən fərdə çevrilir”.
Bütün bunlar Paşinyan hakimiyyətinin korrupsioner mahiyyətini ortaya qoyur.
“Bütün bunları etməkdə məqsədi ölkədə öz şəbəkəsini qurmaqdır”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, ötən iki ildə Ermənistan hakimiyyətinin korrupsiyalaşması genişlənib: “Son zamanlar Paşinyan hakimiyyətinin korrupsiya əməlləri ilə bağlı ortaya çıxan faktlar bu qənaətə gəlməyə əsas verir. Məsələ ondadır ki, Paşinyanın adının qanunsuz silah, siqaret, brilyant alverində və digər məsələlərdə hallanması bir sıra məqamlardan xəbər verir. Məlum olur ki, o, gəlirlərini artırmaq üçün bir sıra qanunsuz vasitələrdən istifadə edir. Əvvəla bu onu göstərir ki, demokratiya adı altında hakimiyyətə gələn Paşinyanın səsləndirdiyi vədlər populist xarakterli fikirlərdir. O heç də iddia etdiyi kimi, Ermənistanda azad cəmiyyət qurmaq fikrində deyil. Bütün bunları etməkdə məqsədi ölkədə öz şəbəkəsini qurmaqdır. 2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab” nəticəsində ölkədəki gəlir mənbələri bir klanın əlindən digər qrupun əlinə keçdi. Çünki 20 il Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı” bütün gəlirli sahələri öz əlində cəmləmişdi. Bu da İrəvan ermənilərini zaman-zaman narahat edirdi. Paşinyan bu narazılıqdan istifadə edərək hakimiyyəti ələ keçirdi. Ancaq mahiyyət etibarilə heç nə dəyişmədi. Ona görə ki, sərvət bir əldən digər ələ keçdi. Bir məqamı da qeyd edim ki, Paşinyan Rusiya üçün arzuolunmaz şəxs olduğu üçün, Kreml dolayı kanallarla onun korrupsiya şəbəkəsinin ifşa edilməsinə yardım edir. Hesab edirəm ki, bir sıra faktların üstünün açılması həm də bununla bağlıdır. Bütün bunlar isə Paşinyana yaxşı sonluq vəd etmir”.
Vidadi ORDAHALLI