Ermənistanda bir gündə 3 güc naziri - polis rəisi Arman Sarkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa verib. Baş nazir Nikol Paşinyan artıq bu vəzifələrə yeni təyinatlar edib.
Onik Qasparyan baş qərargah rəisi, Argişti Kəramyan milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin edilib. Bu təyinatlar o deməkdir ki, Paşinyan istefalara hazır idi və bəlkə də 3 istefanın bir gündə elan edilməsi onun təşəbbüsü ilə reallaşıb. Çünki Paşinyan narazı qaldığı güc nazirlərini ayrı-ayrı vaxtlarda istefaya göndərsəydi, bu, erməni cəmiyyətində daha çox suallar və hökumətin dağıldığı görüntüsü yaradacaqdı.
Nikol Paşinyan keçirdiyi brinfinqdə reallaşan istefalar barədə danışıb. Qeyd edək ki, son zamanlar Paşinyan hakimiyyəti, demək olar ki, içdən sökülür. Bundan əvvəl də onun komandasında önəmli postlar tutan şəxslərin istefalarının şahidi olduq. Baş qərargah rəisinin istefasının səbəbini onun pandemiya dönəmində oğluna toy etməsi ilə əlqələndirirlər. Paşinyan bu istefaların səbəbini tamamilə qeyri-siyasi səbəblərlə izah etməyə çalışıb. Hətta generalın oğlunu və gəlini yeni izdivac münasibətilə təbrik etməyi də unutmayıb. Elə həmin çıxışında məmurların nizam-intizamlı olmalarının önəmini nəzərə çatdırıb. Əsində Paşinyanın brifinqdə komandasının arxasınca danışdıqlarında bir təzad var. Bir tərəfdən intizamsızlıqdan danışır, digər tərəfdən isə diqqəti hansısa toy ziyafətinə fokuslamaq istəyir. Bəllidir ki, bütün bunlar diqqəti məsələnin əsl mahiyyətindən uzaqlaçdırmağa yönəlib.
Bu günlərdə isə Paşinyan hakimiyyətinə tam etimadın itdiyini sübut edən daha bir ciddi fakt ortaya çıxıb. Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif “Çiçəklənən Ermənistan” Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyan baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edib. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib:“İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu”.
Eyni zamanda, parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan İşıqlı Ermənistan Partiyası (İEP) da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab edir. Paşinyan onun komandasını tərk edən məmurlar barədə nə danışsa belə, real vəziyyət göz qabağındadır. Kifayət qədər mötəbər post tutan adamlar Paşinyan hakimiyyətinin perspektivsizliyini dərk etdikləri üçün onunla hakimiyyətin məsuliyyətini bölüşmək istəmirlər. Yəqin ki, yaxın zamanlarda biz Ermənistandakı hakimiyyətin təməllərini sarsıdacaq daha ciddi proseslərin cərəyan etdiyinə şahidlik edəcəyik. Artıq mərkəzdənqaçma prosesi hakimiyyətin öz daxilində başlayıbsa, bundan Paşinyana müxalif olan qüvvələr məharətlə istifadə etməyi bacaracaq. Sabiq təhlükəsizlik nazirinin simasında biz bunu gördük. O istefa verdi və bir müddət sonra müxalif partiya təsis etdi. Son istefa verən şəxslərin də müxalifətə keçəcəyi real görünür.
Məhəmmədəli QƏRİBLİ