Rusiyanın Soçi şəhərində yaşayan bir qadının ermənilərin “ərazi iştahına” hiddətləndiyi video sosial şəbəkədə sürətlə yayılmaqdadır.
Belə ki, “Vajnıy Potok” “YouTube” kanalına istinadən yayılan məlumata görə, qadın müraciətində ermənilərin özgə torpaqlara ərazi iddialarını eşitməkdən yorulduğunu bildirib.
Qadın müraciətində deyib ki, Qarabağda artıq müharibə var: “İş o yerə çatıb ki, artıq hər yerdə “Soçi Ermənistan ərazisidir” yazırlar. Qarabağda artıq müsəlmanlarla müharibə var. Siz onların ərazisini işğal etməyi bacardınız. Qorbaçovun sayəsində Soçidə məskunlaşmısınız, bu torpaqlara da iddia edəcəksiniz? Qorbaçova təkrar müraciət etmək istəmirsiniz ki, sizi yenidən harasa aparsın?”.
Göründüyü kimi, ermənilərin ərazi iddiaları sərhəd tanımır. Harada ermənilər kompakt yaşayırlarsa, bir müddət sonra həmin ərazini “özününküləşdirmək” iddiaları ilə çıxış edirlər. Ermənistan nəinki bu ölkə ilə həmsərhəd olan dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir, eyni zamanda, digər ölkələrin ərazisinə də göz dikir. Şimali Qafqazın bir sıra şəhərlərində ermənilər kompakt yaşayırlar. Onlardan biri də məşhur Soçi şəhəridir. Gör erməni həyasızlığı nə həddə gəlib çatıb ki, onların ərazi iddiaları mərəzinə qarşı Rusiyadan olan qadın sərt etiraz etmək qərarına gəlib.
“...rus əhalisini qıcıqlandırır və məlum etiraz videosunun yayılması da bundan qaynaqlanır”
Məsələyə münasibət bildirən tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, artıq vəziyyət o yerə gəlib çatıb ki, ermənilər Rusiya ərazilərinə qarşı iddialarla çıxış edirlər: “Ermənilər Şimali Qafqazın Krasnodar və Stavropol vilayətlərində çox sıx məskunlaşıblar. Hətta bir dəfə bir rus zabiti demişdi ki, onlar Qarabağda döyüşdüyü zaman ermənilər, bir növ, Krasnodarı işğal edərək əsas yerləri tutublar. Soçiyə ermənilərin xüsusi maraq göstərməsi təsadüfi deyil. Çünki bu şəhər dəniz limanıdır, istirahət mərkəzidir, strateji obyektdir. Hətta bir neçə il əvvəl Soçidə yüksək səviyyəli tədbir keçiriləndə hava limanında işləyən ermənilər Moskvanın göstərişi ilə işdən uzaqlaşdırıldılar. Çünki ermənilərin Soçidə aparıcı mövqedə olması artıq Rusiyanı da narahat edir. Son baş verənlər isə onu göstərir ki, ermənilər artıq öz ağalarına qarşı da nankorluq edirlər. Yəni erməniləri Qafqaza köçürən, onlara yer verən Rusiyanın da üzünə ağ olurlar və məskunlaşdıqları ərazilərə iddia edirlər. Bu da, əlbəttə ki, rus əhalisini qıcıqlandırır və məlum etiraz videosunun yayılması da bundan qaynaqlanır. Hesab edirəm ki, gələcəkdə Rusiya imperiya siyasətini dəyişərsə, ermənilərin bu ölkədə qanunlara əməl etmədən pozuculuq fəaliyyətinə son qoyula bilər. Yoxsa, ermənilərin iddiaları dayanmayacaq”.
Vidadi ORDAHALLI