Həftəsonu ikigünlük karantin rejimi müddətində bəzi vətəndaşlar tərəfindən müəyyən neqativ hallara yol verilsə də, vətəndaşların böyük əksəriyyəti qərara əməl edərək, yaşayış yerlərini tərk etmədi, tam olaraq sosial təcrid qaydalarına riayət olundu. Məlum olduğu kimi, Daxili İşlər Nazirliyi buna görə vətəndaşlara təşəkkür edib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciətində bildirib.
“Əziz vətəndaşlar!
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilib. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!
Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirəcəksiniz”.
Polisə ümumvətəndaş dəstəyinə maraqlı jestlə cavab verən DİN-in bu addımını necə qiymətləndirmək olar?
“Güvənc qarşılıqlıdır, insanların dövlətə, hakimiyyətə güvənci olduğu kimi, dövlətin də xalqa güvənci var”
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, DİN-in bu jesti vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir. “İyunun 8-də insanlarda aqressiya meyli var idi, Yasamal rayonunda polislə bağlı baş verən insidentə dair sosial şəbəkələrdə elə paylaşımlar edilmişdi ki, insanlarda çaşqınlıq yaratmışdı. Həmin görüntülərin məqsədi cəmiyyətdə parçalanma yaratmaq, insanları polislə, dövlət strukturları ilə üz-üz qoymaq idi. Etiraf edək ki, çox məharətlə işlənmiş təxribat planı idi. İnsanlarda tərəddüd var idi. Düzdür, əksəriyyət deyirdi ki, polisə qarşı ləyaqətsiz davranmaq, başına zibil atmaq yolverilməzdir. Bu hala yol vermiş şəxslər cəzalandırılmalıdır. Amma həmin yersiz hərəkətləri törədənlərin zərərsizləşdirilməsi prosesi də sosial şəbəkələrdə göstərilən formada olmamalıydı. İndi bəlli olur ki, belə fikir parçalanmasının, ikitirəliyin yaranması üçün müəyyən müdaxilələr olub, sosial şəbəkələrdə kəsilmiş, doğranmış, kontekstdən çıxarılmış videogörüntülər yayılıb. İstənilən mürəkkəbliyin aydınlaşması üçün sadəcə bir qədər təmkinli davranmaq lazımdır. Çox qısa zaman kəsiyində DİN lazımi addımları atdı. İyunun 7-də Yasamal rayonunda polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanarkən çəkilmiş videogörüntülər araşdırılıb. Polis əməkdaşlarından birinin zərərsizləşdirilən şəxsin ailəsilə yüksək səs tonunda danışması, yersiz ifadələr işlətməsi müəyyənləşdirilib. Bu, bağışlanmaz hal kimi qiymətləndirilib. Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib, yanlışa yol vermiş əməkdaş isə DİN rəhbərliyi tərəfindən tutduğu vəzifədən azad edilib. Paralel olaraq DİN Azərbaycan vətəndaşlarına təşəkkür edib, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinə görə əhaliyə minnətdarlıq bildirilib. Bu, çox zəruri addım idi və DİN rəhbərliyi o addımı atmaqla qarşılıqlı etimadı zədələmək istəyən şəxslərə lazımi cavabı verdi.
Azərbaycanda insanların dövlətə güvənci var və bu güvənc təsadüfən yaranmayıb, illər uzunu, proseslərin gedişində formalaşıb. Güvənc qarşılıqlıdır, insanların dövlətə, hakimiyyətə güvənci olduğu kimi, dövlətin də xalqa güvənci var. Onca təzyiqin qarşısında Azərbaycan dövlətini ayaqda tutan, müstəqil siyasət yürütməsini stimullaşdıran amillərdən biri də belə qarşılıqlı güvəncdir. Həmin güvəncin formalaşmasında Azərbaycan polisinin də xidmətləri var. Azərbaycan polisinin şərəfli xidmət tarixi var, o şərəfli xidmət bu gün də davam edir. Pandemiya dövründə polislərimizin fəaliyyəti göstərdi ki, onlar öz tarixi ənənələrini davam etdirirlər” - deyə M.Ələsgərli vurğuladı.
İradə SARIYEVA