Aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb, oradan 13.600 manat pul və mobil telefon aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Quba RPŞ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanıb, daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.