Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində noyabrın 14-nə keçən gecə rayon ərazisində “Hyundai”, “Mercedes” və “Baic” markalı 3 avtomobildən mobil telefonlar, içərisində pul, sənədlər olan çanta və pulqabı oğurlamaqda, həmçinin “Nissan” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəsul Ağazadə saxlanıb.
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Bakıxanov qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birində qəsəbə sakini R.Paşayevin mobil telefonunu, həmçinin qəsəbə ərazisində şirkətlərin birinə məxsus “Hyundai” markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mahmudov saxlanıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı