DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, noyabrın 5-də Şamaxı rayonu Şəhriyar qəsəbə sakini Elşad Mehraliyev Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək bir gün əvvəl ona məxsus “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib. Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilib.
Şamaxı RPŞ əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəlilərin E.Mehralıyevin həmyerliləri, Şəhriyar qəsəbəsinin sakinləri - əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev və Şəhruz Eyvazzadə olduğu müəyyən edilib. Görülən tədbirlərlə hər iki şəxs saxlanıb və onlar törətdikləri cinayəti etiraf edib.
Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı