Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov Rayon Polis Şöbəsinə müraciət edərək, noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.
Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib.
M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı