Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu etməkdə şübhəli bilinən şəxslər saxlanıb.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabulaq kəndinin otlaq sahəsindən kənd sakini E.Qurbanova məxsus 7 baş inəyi oğurlamağa cəhd göstərmiş, 6 rayon sakininə məxsus ümumilikdə 8 rəst atı və 8 baş inəyi oğurlamaqda şübhəli builinən Toğana kənd sakini, əvvəllər məhkum olunmuş Nicat Heydərzadə və Göygöl şəhər sakini Eldəniz İsrafilov saxlanıb.
Polis əməkdaşları tərəfindən onların digər analoji əməllərinin də üstü açlılıb. Belə ki, onların cari ilin avqust və oktyabr aylarında rayonun Çaykənd və Quşçu kəndlərinin 5 sakininin ümumilikdə 13 baş inəyini otlaq sahələrindən oğurladıqları da müəyyən edilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini R.Məmmədlinin həyətyanı sahəsindən 8 baş qoyun oğurlamaqda şübhəli bilinən Şıxsalahlı kənd sakini Rövşən Fərəcov və Bakı şəhər sakini Amil Fərəcov saxlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı