Oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanan şəxsin respublikanın bir neçə rayonunda analoji cinayət əməlləri törətdiyi də müəyyən edilib.
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Araşdırmalarla onun Laçın rayon sakini Nahid Süleymanov olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ətrafında aparılan tədbirlərlə onun respublikanın bir neçə rayonunda analoji cinayət əməlləri törətdiyinin də üstü açılıb.
Belə ki, onun cari ilin iyul–sentyabr ayları ərzində respublikanın Masallı, Neftçala, Biləsuvar, Saatlı, Beyləqan və Ağcabədi rayonları ərazisində ümumilikdə 10 mağazadan pul, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları, həmçinin İmişli rayonunun Gövhərli kəndindəki sexlərin birindən təmir-tikinti alətləri oğurladığsı da müəyyən edilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı