Oktyabrın 17-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan yeniyetmə həmin gün gecə saat 2 radələrində naməlum şəxsin onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərdiysini, atası Sakitlə rastlaşdığından onu əli ilə vuraraq qaçdığını bildirib.
Dərhal Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və əməliyyat tədbirlərinə başlanıb.
Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Səbail Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardığı araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Ə.Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib. Araşdırmalarla S.Abdullayevin azyaşlı oğlunun “102 – Zəng Mərkəzi”nə də cinayətin izini itirmək məqsədilə zəng etydiyi məlum olub.
Qəsdən adam öldürməkdə şübhəli bilinən S.Abdullayev və F.Abdullayev polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı