Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının vətəndaşlardan daxil olan çoxsaylı şikayət ərizələri əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindən ayrı-ayrı vaxtlarda evlərdən qaz sayğacları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyev saxlanıb. Tutulan zaman M.Əliyevdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Aparılan araşdırmalarla M.Əliyevin sentyabr ayından oktyabrın 22-dək olan müddətdə rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib. Saxlanan şəxs ifadəsində oğurladığı sayğacları sərfiyyatın azaldılması üçün qaz sayğaclarına müdaxilə edən ayrı-ayrı şəxslərin evlərində qanunsuz yolla quraşdırdığını bildirib. Bu işin müqabilində M.Əliyev həmin ev sahiblərindən müxtəlif məbləğlərdə pul alıb. Saxlanan şəxs, həmçinin, ona müraciət edən şəxslərin işlək vəziyyətdə olan qaz sayğaclarına da pul müqabilində sərfiyyatın azaldılması üçün qanunsuz müdaxilələr etdiyini etiraf edib.
Qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən M.Əliyev saxlanan zaman ondan oğurladığı sayğacların bir neçəsi də maddi sübut kimi aşkar olunaraq götürülüb. Araşdırma zamanı, həmçinin, saxlanan şəxsin bir neçə il bundan əvvəl qaz xətlərinin çəkilişi ilə məşğul olan pordatçı şirkətlərdən birində çalışdığı da məlum olub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, M.Əliyevdən qanunsuz olaraq oğurluq qaz sayğacları alan, həmçinin, onun vasitəsilə sayğaclara müdaxilə edərək dövlətə ziyan vuran vətəndaşların da şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.