Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb. Belə ki, sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı “BMV” markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin İnşaatçılar prospektində təhlükəli manevrlər edib.
O, avtomobili yüksək sürətlə sürərək yol hərəkət qaydalarını kobud şəkildə və davamlı olaraq pozub. Bunu aşkar edən Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücünü müşayət edərək, təhlükəsizlik qaydalarını qorumaq şərtilə onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər. Saxlanarkən avtomobilin şüşələrini bağlayaraq özünü bloqer kimi təqdim edən və yol polisini mobil telefon vasitəsilə videoya çəkməklə hədələyən sürücü post patrul xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.
Sürücü izahatında həqiqətən də yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğunu və avtoxuliqanlıq etdiyini bildirib. Sürücü barəsində araşdırma aparılan zaman onun bu ilin 10 ayı ərzində 27 dəfə qayda pozuntusu törətdiyi, barəsində inzibati protokollar tərtib olunduğu və 18 cərimə balı topladığı məlum olub. Bu səbəbdən sürücü barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim olunub. E.Əhmədovun törətdiyi xətalar videogörüntülər vasitəsilə sübuta yetirilib və məhkəmə qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib. Bundan başqa, onun sürücülük hüququ bir il müddətinə məhdulaşdırılıb.
Yol polisi bütün sürücülərə bu cür əməllərdən çəkinməyi, özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamağı tövsiyə edir.