“Qala” taekvando klubunun 3 idmançısı Rusiya Federasiyası Dağıstan Respublikası Maxaçqala şəhərində keçirilən “Vserossiyskiy turnir ” (Ümumrusiya turniri”) beynəlxalq yarışına qatılıb və medal qazanıblar.
Noyabrın 10-11 tarixlərində təşkil edilən turnirə artıq yekun vurulub. “Qala” taekvando klubunun rəhbəri, 4-cü dan qara kəmər Ramil Həsənov bizimlə söhbətində bildirdi ki, turnirdə bir sıra respublikalardan, o cümlədən də Azərbaycandan uşaq, yeniyetmə və gənc taekvandoçular iştirak ediblər. Azərbaycan komandasının ümumi medal sayına görə turnirin qalibi olduğunu deyən R.Həsənovun sözlərinə görə, yarış gərgin şəraitdə keçib və yetirmələri turnirdə fərqlənməyi bacarıblar. “Mən uşaqların döyüşündən çox razı qaldım. Deyərdim ki, tələbələrim əllərindən gələni edib çox gözəl döyüş nümayiş etdirdilər. Ümumiyyətlə, beynəlxalq turnirlərə qatılmaq uşaq və gənclərin bir idmançı kimi yetişməsinə müsbət təsir göstərir. Bu eyni zamanda da onları hər zaman yeni qələbələr qazanmağa ruhlandırır. Bu yarışların əhəmiyyəti böyükdür və əsasən də burada idmançılar arasında əlaqələr qurulur, onlar bir-birinin təcrübəsini öyrənə bilirlər”-deyə R.Həsənov bildirdi.
R.Həsənov onu da dedi ki, turnirin birinci günündə klubun idmançısı Xanmurad Süleymanov 45 kq çəki dərəcəsində II yerə layiq görülüb. Klubun digər idmançıları Əsgər Həsən 18, Gülnur Musazadə isə 22 kq çəki dərəcəsində III yeri qazanıblar.
Qeyd edək ki, Gülnur Musazadə Nəsimi rayon 19 saylı orta ümumtəhsil məktəbinin 3 c, Xanmurad Süleymanov Nəsimi rayonu 14 saylı tam orta məktəbin 10 c, Əsgər Həsən də eyni məktəbin 3 a sinif şagirdidir.
İradə SARIYEVA