“Azərbaycanda idman sahəsi üzrə hazırlanacaq strategiyanı bu sahənin inkişafı üçün müsbət bir addım kimi dəyərləndirirəm. Hesab edirəm ki, belə strategiyanın hazırlanmasına doğrudan da ehtiyac var. İdmanın inkişafı naminə həyata keçirilən bütün işləri dəstəkləyir və alqışlayıram”. Bunu Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiya hazırlanması ilə bağlı “Bakı-Xəbər”ə Boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev deyib.
O, həmçinin, bildirib ki, ölkəmizdə idmanın inkişafına böyük diqqət yetirilir və ölkəmiz dünyada bir idman ölkəsi kimi tanınır. Azərbaycanın idman sahəsində bir sıra uğurlara imza atdığını qeyd edən N.Abdullayev hesab edir ki, Milli Strategiyanın hazırlanması uşaq, yeniyetmə və gənclərin idmana marağını daha da artıracaq.
Bildirək ki, Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiya hazırlanacaq. Bu, 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.
Onu da vurğulayaq ki, sənəd layihəsinə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə idman sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Strategiyada prioritetlər uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın geniş təbliği, təhsil alan yeniyetmə və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə alınmaqla, bədən tərbiyəsi məşğələlərinin təşkili olacaq.
Bununla yanaşı, əhalinin bütün təbəqələrindən olan insanların fiziki inkişaf səviyyəsinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılması, idman sənayesinin yaradılması, idman sahəsində sponsorluq fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulur.
İradə SARIYEVA