"İslam Dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb. APA-nın xəbərinə görə, Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd olan Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb.
Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-nün azərbaycanlı bir ailənin üzvləri olduqları ortaya çıxıb.
Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər. Hazırda onların Azərbaycana göndərilmələri istiqamətində iş aparılır.
Baki-xeber.com xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da saxlanılanların azərbaycanlı bir ailənin üzvləri olduğunu BBC-nin Azərbaycan xidmətinə təsdiqləyib.
Həsən Zeynalov deyib ki, Türkiyə polisindən alınan məlumata əsasən, Türkiyənin cənubunda yaxalanan azərbaycanlılar bir ailənin üzvləridir. Onların sənədlərilə bağlı problem olmadığı üçün "biz işlə bilavasitə məşğul olmuruq”, amma polis konsulluğu bununla bağlı mütəmadi məlumatlandırır, diplomat deyib.
Baş konsul saxlanılan şəxslərin İstanbul hava limanından Azərbaycana göndəriləcəyini qeyd edib. "Saxlanılan şəxslərin Suriyadakı təşkilatlarla əlaqəsi təsdiqlənimbi" sualına cavabında Həsən Zeynalov deyib ki, Azərbaycanda durumun "sabit olması və Suriyadakı vəziyyətin sabit olmadığı bəlli olduğu üçün bu şəxslərin Suriyada terror təşkilatlarına qatılmaq niyyətləri birmənalıdır”.
Baş konsul saxlanılan şəxslərin Azərbaycanda hüquqi məsuliyyətilə bağlı sualı cavablayarkən deyib ki, bu məsələlər "Azərbaycandakı araşdırmalardan sonra bilinəcək”.