Çinin hərbi komandanlığı Moskva ilə Qərb arasında artan gərginlik fonunda Rusiyanı dəstəkləyəcəyi ilə bağlı əmin edib.
Bu barədə nüfuzlu amerikan nəşri “Newsweek” yazır. Nəşr xatırladır ki, Çinin yeni hərbi naziri Vey Fenxe özünün ilk xarici səfərini Moskvaya edərək, Rusiyanın yüksək rütbəli hərbçilərilə birlikdə beynəlxalq təhlükəsizlik konfransında iştirak edib. Həmin səfər çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdə çinli nazir bəyan edib ki, Rusiyaya gəlməkdə əsas məqsədi dünyaya Rusiya ilə ölkəsi arasında sıx əlaqələri nümayiş etdirməkdir. “Məqsəd həm də amerikalılara hazırkı situasiyada Rusiya ilə Çin Silahlı Qüvvələri arasında işbirliyini göstərməkdir. Biz sizi dəstəkləməyə gəldik”- Vey bildirib.
“Newsweek”in materialında deyilir ki, Putin və onun çinli kolleqası gücünə görə dünyanın ikinci və üçüncü ordusuna başçılıq edir. Nəşr yazır ki, Rusiya Suriya münaqişəsilə məşğul olduğu dövrdə Çin Asiya və Afrika ölkələrinə infrastruktur layihələri üzrə investisiya qoymaqla özünün Sakit okean regionunda varlığını təmin edə bilib. ABŞ isə bu iki ölkənin inkişafını özünə təhdid kimi qəbul edib. “Bundan başqa, ABŞ Rusiya və Çinin öz hüdudları xaricində artan nüfuzunu demokratiyaya zərbə olaraq qəbul edir”- yazılan məqalədə Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxilədə ittiham olunduğu xatırladılır. Bunun ardınca isə Britaniyanın “Skripal işi” ilə bağlı ittihamları yada salınır və hər iki halda Çinin Moskvanın yanında olduğu bildirilir.
Məqalədə ÇXR nazirinin səfəri zamanı onun rus həmkarının açıqlaması da yer alıb və bildirilir ki, Sergey Şoyqu açıqlamasında yaxın illərə kimi dünya kommunist alyansının “onurğa sütunu” olan iki nəhəng ölkənin hazırda “çiçəklənən münasibətləri”nə diqqət çəkib. “İki ölkə liderlərinin səyi nəticəsində Rusiya-Çin münasibətləri görünməmiş səviyyəyə qalxıb ki, bu da sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunmasında önəmli faktordur” o deyib.
Maraqlıdır ki, sözügedən material Amerikanın nüfuzlu nəşrində məhz Suriya ətrafında gərginliyin artması dönəmində yer alıb. Belə ki, bu günlərdə ABŞ prezidenti Rusiyanı raket hücumlarına hazır olmağa çağırıb, Amerikanın ən sadiq müttəfiqi olan İsrail isə Suriya ərazisinə raket atıb.
Belə bir vaxtda Rusiya İrandan Həmədan aviabazasından istifadə üçün icazə istəyib. Bu isə koalisiya qüvvələrilə qarşıdurma üçün platsdarm axtarılması kimi qiymətləndirilib. Öz növbəsində Çin Qərbi Suriyaya qarşı hərbi aqressiyadan çəkinməyə çağırıb.
Bütün baş verənlər isə üçüncü dünya savaşının uzaqda olmadığından xəbər verir.
SAMİRƏ