Biləsuvar rayonu, Ağalıkənd kəndində boya-başa çatan Elmar Şahin oğlu Mirzəyev həyatı dərk edəndən ilahi bir sevgi ilə Vətəninə bağlanıb. Elə onu ömrünün 25 ilində şəhidlik zirvəsinə aparan da bu bağlılıq olub.
Elmarın yurduna erməni dığaları dadandığı üçün heç cür rahatlıq tapa bilmirdi. Torpağına sahib durmaq, müqəddəsliyinə tapındığı Vətəninə sipər olmaq arzusu ilə orta məktəbi bitirdikdə, peşə seçimində hərb sənətini hər şeydən üstün bilib. Vətənin ağır günündə bu sənətin vacibliyini daha yaxşı dərk edib. Odur ki, 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Torpaqların azadlığını düşünən Elmar layiqli bir hərbiçi olmaq üçün dərslərə, təlimlərə ürəklə yanaşıb, vacib olanları mükəmməl öyrənməyə çalışıb. 2016-ci ildə məktəbi yüksək səviyyədə başa vurub və leytenant hərbi rütbəsi alıb. Birinci amalı yağıdan qisas almaq olan gənc leytenant cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində durub.
Çətinliklərə baxmayaraq, bütün işlərində Vətən sevgisi ona uğur qazandırıb. Fədakarlıq, mərdlik Elmarın həyat fəlsəfəsinə dönüb. Komandirlərinin tapşırıqlarını vicdanla, məsuliyyətlə yerinə yetirib, əsgərlərinə düşmənə nifrət, Vətənə, torpağa sevgi hisslərini aşılayıb. Bir sözlə, Elmarın peşəsinə məhəbbəti, hərbiçi qətiyyəti, nümunəvi xidməti onu baş leytenant rütbəsinə qədər ucaldıb və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Bütün bunlarla Elmarın Vətənlə döyünən ürəyindı bir istəyi olub: erməni işğalçılardan əzəli yurd yerimizi- Qarabağı azad etmək, sülh və azadlıq rəmzi olan üç rəngli bayrağımızı Şuşanın ən hündür yerində sancmaq.
Bəli, 2020-ci ilin sentyabrında qeyrətli oğullar kimi, onun da gözlədiyi gün gəlib yetişib. Vətən öz doğma övladlarını çağıranda baş leytenant Elmar müharibə ölüm-itim olsa da, dərhal sevinclə, qürurla yağıya qarşı döyüşə girib və hər qarış torpaqdan ötrü son damla qanınadək vuruşmağı özünə müqəddəs borc sayıb. Ən qaynar nöqtələrdə, qeyri-bərabər döyüşlərdə düşmənə çoxlu itkilər verib. Murovdağın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən vuruşlarda xüsusi igidlik göstərib. Ən ağır saatlarda belə geri çəkilməyib. Öndə olmaqla komandir olduğu döyüşçüləri də qələbəyə aparıb.
Oktyabrın 15-i baş leytenantın son döyüş günü olub. O, Vətən torpaqlarının azadlığını düşünərək Füzuli uğrunda gedən ölüm-dirim savaşlardan növbətisinə qatılıb. Erməni dığalarına adəti üzrə yenə qan uddurub. Mərdliyi, qəhrəmanlığı döyüş yoldaşlarına nümunə olub. Qaldı ki, özü də düşmən gülləsinə tuş gəlib. Axır sözündə” Vətən “ – deyib ədədi olaraq gözlərini yumub. Cismi torpağa köçən zəfər şəhidin ruhu, ölməz xatirəsi isə xalqın qəlbində özünə yer edib. Həmçinin canından artıq sevdiyi Azərbaycanda əbədi sevgi sahibi olmaqla dövlət tərəfindən də ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Xocavəndin, Cəbrayılın, Füzulinin, Kəlbəcərin azadlığı uğrunda medallara layiq görülüb.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü