Bildiyimiz kimi, son günlər ölkəmizin müxtəlif bölgələrində meşə yanğınları baş verib. Hətta yanğının əhatə dairəsi genişlənərək kəndlərə, yaşayış məntəqələrinə də keçib, yaşayış evlərinə, təsərrüfata ciddi ziyan vurub.
Bütün ölkədə ciddi narahatlıqla qarşılanan yanğın hadisəsinin aradan qaldırılmasında Azərbaycan polisinin böyük rolu olub. Polis yanğınla mübarizədə çox böyük əzmkarlıq göstərib, vətəndaşlara yaxından kömək edib, yanğının söndürülməsində camaatla birgə çalışıb. “Əhsən Azərbaycan polisi!” nidası yüksəlib, insanlar polisin əməyini, dar gündəki zəhmətini, fədakarlığını xüsusi qiymətləndirib.
“Haqlı olaraq xalqımız polisi öz alqışları ilə rəğbətləndirir”
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, polisin əzmkarlığının bir daha vurğulanması müsbət haldır: “Əslində, yanğınsöndürmə və digər fövqaladə hallarla bağlı məsələnin Azərbaycanın polis əməkdaşlarının səlahiyyətlərinə o qədər də aidiyyəti yoxdur. Nə “Polis haqqında” Qanunda, nə də ki, Azərbaycan polisinin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlarda bu məsələlərə yer verilir. Amma qanunvericilikdə nəzərdə tutulan digər hallarda belə bir ifadə var; Azərbaycan polisinin fövqəladə hallar şəraitində xidmətin həyata keçirilməsi, böyük yanğınların lokallaşdırılması istiqamətində təcrübəsi var. Ona görə də Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmət sahəsi hadisə yerinə gələnə qədər Azərbaycan polisi artıq əvvəlki təcrübəsindən istifadə edir və bu da bir növ alınır. Necə ki, milli ordu formalaşmayana qədər Azərbaycan polisi düşmənlərimizə qarşı döyüşə bildi, qüvvələr səfərbər olundu, Milli Qəhrəmanlar, qazilər, doğrudan da dövlətin mükafatına layiq görülənlər var.
Yanğın da belə bir hadisədir ki, bundan heç bir ölkə sığortalanmır. Son zamanlar ölkəmizin müxtəlif yerlərində yanğınlar olub və bu yanğınların söndürülməsində Azərbaycan polisinin fədakarlığı danılmazdır. Haqlı olaraq xalqımız polisi öz alqışları ilə rəğbətləndirir. Bu bir daha belə düşünməyə
əsas verir ki, Azərbaycan polisi həmişə xalqımızın bütün ağır, məşəqqətli və xoş günlərində onun yanındadır. Mənim polisim mənim xalqımı qoruyur ifadəsi də yerinə düşür”.
Ş.Əliyevin sözlərinə görə, Azərbaycan polisinin əməyi, şücaəti çox dəyərlidir və xalqımız bunu özünün hər bir anında hiss edib: “Azərbaycan polisini Allah qorusun!”
İradə SARIYEVA