Körpə uşaqlar üçün müxtəlif dizaynda geyimlər mövcuddur. Son zamanlar sosial şəbəkələrdə üzərində kriminal aləmə məxsus sözlərin əks olunduğu uşaq “body”lərinin fotoları yayılıb. “Bu evdə mənim sözüm keçər”, “Ağıllı olun, 9 ay içəridə yatdım” tipli cümlələrin uşaq paltarlarının üzərinə yazılması geniş müzakirələrə yol açıb.
Xatırladaq ki, bir müddət əvvəl mağazalarda açıq-aşkar marixuananı təbliğ edən geyimlər satılırdı. Xüsusən də 3-14 yaşlılar üçün belə geyimlər satışda daha çoxdur.
Qeyd etdiyimiz kimi, bu tip geyimlər daha çox “Instagram” üzərindən geniş yayılaraq satılmaqdadır. Apardığımız araşdırma zamanı məlum oldu ki, bu tip geyimlərin alıcısı da az deyil. Valideynlər övladlarına kriminal aləmə məxsus sözlərin yazıldığı geyimləri almaqda maraqlıdır. Ancaq ekspertlər bu tip geyimlərin satışdan çıxarılmasını düzgün sayır. Onların fikrincə, bu geyimlərdən külli miqdarda pul qazanan sahibkarlar var. Geyimlərin üzərində belə təsvirlərin olması isə çox az yaşdan insanların “beyinlərini yuyaraq”, gələcəkdə buna meylləndirməyi hədəfləyib. Əksər halda mağaza rəhbərləri, "bilmirdim", "bu sözün nə məna ifadə etdiyini anlamadım”, “uşaqdı da” deməklə məsuliyyətdən yayınmağa çalışırlar. Ümumiyyətlə, belə malları gətirən şəxslər ictimai məsuliyyət daşımalıdır.
“Dövlət orqanları, eləcə də biznes qurumları Azərbaycana bu cür malların buraxılmasının və ya istehsal olunmasının qarşısını almalıdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, geyimlərin üzərindəki bu kimi yazılara heç kim nəzarət etmir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda 1995-ci ildən bəri müsbətə doğru dəyişiklik yoxdur. Dəyişikliklərin hamısı istehlakçıların zərərinədir. Dövlət orqanları, eləcə də biznes qurumları Azərbaycana bu cür malların buraxılmasının və ya istehsal olunmasının qarşısını almalıdır. Belə getsə, başqa ölkələrdə gördüyümüz biabırçı şeylər ölkəmizə gələcək, bunun isə yolverilməz olduğunu düşünürəm. Biz istehlakçı təşkilatı olaraq bu kimi məsələlərlə ciddi məşğul oluruq və çalışırıq ki, insanlar belə xidmətlərdən uzaq olsun”.
Günel CƏLİLOVA