Azərbaycanda buraxılış imtahanlarında və tələbə qəbulu sahəsində test üsulunun tətbiq edilməsi müsbət hal olsa da, bir sıra ekspertlərə görə, test suallarının tərtibində kifayət qədər yanlışlığa yol verilir. Xüsusən də, bu nöqsanları sualların məzmununda, quruluşunda, əhatə dairəsində, kifayət qədər mürəkkəb olmasında görürlər. Dövlət İmtahan Mərkəzi (DİM) özü etiraf etməsə də, təhsil naziri dəfələrlə vurğulayıb ki, Azərbaycanda peşəkar test mütəxəssisləri çox azdır, bu səbəbdən də test sualları belə vəziyyətdədir. Bu gün ölkəmizdə imtahan keçirmək səlahiyyətləri DİM-dədir, amma DİM bu sahədə olan nöqsanları etiraf etmir. Sirr deyil ki, bir sıra hallarda test sualları müəyyən vasitələrlə sosial şəbəkələrə sızır, müəyyən insanların əlinə keçir. Bu məsələ ətrafında da dəfələrlə qalmaqallar qopub, DİM sualları üzə çıxaran adamların kimliyini araşdırıb öyrənsə də, bu adamları yalnız prosesdən uzaqlaşdırmaqla kifayətlənib.
Qeyd edildiyi kimi, test sualları ilə bağlı imtahanlarda ciddi problemlər olur. Bəziləri çətinlikdən gileylənir, bəziləri başqa məsələlərə görə narazılıq edir. O üzdən test suallarının hazırlanmasının DİM-dən alınması məsələsi aktuallaşıb. Təkliflər var ki, test suallarının hazırlanması səlahiyyətləri DİM-dən alınmalıdır və sualların hazırlığı ilə məşğul olan ayrica bir mərkəz, qurum yaradılmalıdır.
Belə fikirlər də var ki, bu işdə Elm və Təhsil Nazirliyi də kənarda qalmalıdır. Səbəb kimi, DİM-lə yanaşı nazirlikdə də saxtakarlıqlara yol verildiyi göstərilir.
Test sualları hazırlamaq səlahiyyətləri DİM-dən alınmalıdırmı?
“DİM yalnız imtahanı keçirən texniki bir quruma çevirilməlidir”
Məsələni şərh edən tanınmış təhsil eksperti Elşən Qafarov baki-xeber.com-a bildirdi ki, bu səlahiyyətlərin DİM-dən alınması böyük zərurətə çevrilib. “İllərlə DİM-in fəaliyyətini analiz edərkən görürük ki, DİM buraxılış imtahanlarının nəticələrini élan etdikdən sonra təhsilin, o cümlədən də Elm və Təhsil Nazirliyinin üzərinə ictimai hücumlar olur. Təhsildə kifayət qədər problemlər var. Amma eyni zamanda biz nəzərə alsaq ki, DİM imtahanları keçirən qurumdur, imhatanları keçirən qurum olaraq DİM-in əlini gücləndirən bir sıra mexanizmlər mövcuddur. Xüsusən də test sualları hazırlamaq mexanizminin DİM-in əlində olması ədalətsizliyə gətirib çıxarır. Uzun illərdir DİM-lə Təhsil Nazirliyi arasında gedən “soyuq müharibənin” şahidiyik. Düşünürəm ki, test hazırlamaq səlahiyyətləri DİM-dən alınmalıdır. Biz bunu illərdir ki, təklif edirik. Ölkədə nə DİM-ə, nə də Təhsil Nazirliyinə tabe olmayan, birbaşa Prezident Adminstrasiyasının, yaxud Nazirlər Kabinetinin nəzdində Testologiya və ya Test institutu yaradılmalıdır. Test institutu milli qiymətləndirmə vasitəsilə Elm və Təhsil Nazirliyi və DİM-lə əməkdaşlıq etməklə təhsil alanların bilik və bacarıqlarının real vəziyyətini yoxlamalıdır. Onlara uyğun olaraq testlər hazırlamalıdır və DİM də yalnız imtahanı keçirən texniki bir quruma çevirilməlidir”.
E.Qafarovun fikrincə, yalnız bu yolla biz obyektiv imtahanlar keçirə bilərik. O qeyd etdi ki, imtahana salınan suallar da təhsil alanların real bilik və bacarıqlarını əks etdirəcək. E.Qafarovun sözlərinə görə, bu sahədə çox ciddi problemlərin aradan qaldırılması üçün ən yaxşı mexanizm, məhz deyildiyi kimi, DİM-in imtahan keçirən texniki quruma çevirilməsidir.
İradə SARIYEVA