Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinə bu Fərmanın nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etmək tapşırılıb.
Prezident llham Əliyevin imzaladığı məlum fərman təhsilə, təhsil işçilərinin maddi vəziyyətinə necə təsir edəcək? Ümumiyyətlə, bu fərman təhsil işçilərinin gəlir artımında hansı dəyişikliyə səbəb olacaq?
Ceyhun Məmmədov: “Prezident İlham Əliyevin imzaladığı məlum fərman həm təhsil, həm elm, həm də dövlətimizə qayğısının növbəti təzahürüdür”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müəllimlərin sosial durumunun yaxşılaşması istiqamətində dövlət tərəfindən davamlı tədbirlər görülür: “Bu dövr təhlil edilən zaman bəlli olur ki, əvvəlki illərlə müqayisədə müəllimlərin əmək haqqında artım var. İllər öncə müəllimlərin məvacibi olduqca aşağı idi. Ancaq son illər təhsildə həyata keçirilən islahatlar nəticəsində müəllimlərin maaşında artım var. Prezident İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" imzaladığı fərman ona hesablanıb ki, müəllimlərin maaşı daha da artsın. Burada söhbət müəllimlərin sertifikasiyasından gedir. Məlumdur ki, bu proses üzrə çox ciddi iş gedir. Öz savadı, biliyi ilə seçilən, təhsilə daha çox töhfə verənlərin maaşına baxılması məlum fərmanda nəzərdə tutulub”.
Millət vəkili hesab edir ki, bu fərman müəllimlərin sosial durumunun yaxşılaşmasına, onların əmək haqqının artmasına müsbət təsir edəcək.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Prezident İlham Əliyevin imzaladığı məlum fərman həm təhsil, həm elm, həm də dövlətimizə qayğısının növbəti təzahürüdür.
Cəsarət Valehov: “Təhsil işçilərinin əmək haqqına ediləcək əlavələr onların sosial rifahının yüksəlməsi yönündə atılan mühum addımdır”
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" fərman imzalayıb. Həmin fərmana görə, 1 sentyabr tarixindən təhsil alanların sayına görə dövlət ümumitəhsil məktəblərinin direktoru, direktor müavinlərinin sertifikat nəticələrinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulur: “Təhsil işçilərinin əmək haqqına ediləcək əlavələr onların sosial rifahının yüksəlməsi yönündə atılan mühum addımdır. Bu fərmanın icrası ilə bağlı Nazirlər Kabineti qaydaları təsdiq etdikdən sonra detallar ictimaiyyətə geniş şəkildə çatdırılacaq”.
Günel CƏLİLOVA