Azərbaycanın sürüşmə sahələrində sakitlik dövrü başa çatıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, hazırda ölkə ərazisində bu proseslərin güclənməsi və artması prosesi gedir. Onun sözlərinə görə, rütubətlənmə belə davam etsə, anomal zonaların əmələ gəlməsi mümkündür.
E. Əlizadə qeyd edib ki, ən təhlükəli vəziyyət Lənkəran-Lerik yolundadır: "Bundan əlavə, Şamaxıda Muğanlı-İsmayıllı yolu və onun ətrafı, Xızı və Şabran sürüşmə zonalarında aktivləşmə müşahidə olunur. Tədqiqatçılar bir neçə gün öncə Şamaxıdan qayıdıblar. Orada işlər başa çatdırılıb. Məlum olub ki, Muğanlı-İsmayıllı avtomobil yolu və ətrafındakı sürüşmə hadisələrinin nisbi fəallaşması müşahidə olunur. Şimal-şərq yamacında, Xızı Şabran, Siyəzən zonasında da nisbi fəallaşma var. Atmosfer yağıntılarının miqdarı belə artımla getsə, vəziyyətin bir qədər də mürəkkəbləşəcəyini gözləmək olar. Hazırda isə nisbi fəallaşma var”.
E. Əlizadə qeyd edib ki, ümumiyyətlə ölkə ərazisindəki sürüşmə sahələrində 2012-2013-cü ildə olduğu kimi, yüksək fəallıq yoxdur.