ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın 50 namizədi arasında Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin də adı var.
Trend-in Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi” qəzetinə istinadən verdiyi məlumata görə, mükafat fondu 1 milyon ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib.
Final mərhələsinə isə M.Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edib. Bu müsabiqədə Azərbaycanı təmsil edən M.Qarakişiyev postsovet məkanı ölkələrindən yeganə namizəd olub.