Daşdəmir Əliyev: “Bununla da həmin hərbi hissənin bütün koordinatı düşmənin əlinə keçmiş olur”
Məlum olduğu kimi, Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib.
Müraciətdə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu ilə xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə həyata keçirilən quruculuq işləri, eləcə də valideynlərin övladlarının xidmət şəraiti ilə əyani şəkildə tanış olmaları məqsədilə Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir: “Görülən bu işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Lakin son günlər müxtəlif ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hərbi hissələrə, xüsusilə də ön xətdə yerləşən bölmələrə səfərlərindən sonra ayrı-ayrı vətəndaşlarımızın mobil telefon, videokamera və fotoaparat vasitəsilə hərbi hissələrin ərazisində çəkdikləri kadrlar sosial şəbəkələrdə yayılır, müxtəlif şərhlər paylaşılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq tələbləri pozularaq düşmənə ordumuz barədə məlumatlar əldə etmək imkanı yaradılır.
Müdafiə Nazirliyi bildirir ki, hərbi hissələrin və ön xətt bölmələrimizin, xüsusilə də onların şəxsi heyətinin təhlükəsizliyi baxımından bu cür hallar yolverilməzdir".
Göründüyü kimi, Müdafiə Nazirliyi əhaliyə müraciət edir ki, yaradılan şəraitdən istifadə edib yayılması məqbul olmayan foto və videoları ictimailəşdirməsinlər. Bəllidir ki, burada məsuliyyət yalnız redaksiyaların üzərinə düşmür. Çünki texnologiyaların inkişaf etdiyi şəraitdə hər bir insanın sosial şəbəkələrə asan çıxışı var. Bu baxımdan da maraqlıdır, həmin materialların paylaşılmasının nə kimi təhlükəsi ola bilər?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, “Dovlət sirri haqında” Qanunda bütün məlumatlar dərəcələnib: “Bura xüsusi, birinci, ikinci və ya xidməti zərurət üçün əhəmiyyətli sayılan kateqoriyalar aiddir. Adi vətəndaş üçün bilinəcək dərəcədə bu məsələyə aydınlıq gətirmək istəyirəm. Sadə vətəndaş üçün adi gəlsə də, elə mövzular var ki, onların ictimailəşməsinə icazə verilmir. Bura hərbi hissələrin dislokasiya sahəsi, hərbi hissəsədə xidmət edən şəxsi heyətin kimliyi və say tərkibi, şəxsi heyətin istifadə etdiyi bütün kazarma və iaşə obyektlərinin görünüşü, siyahısı aiddir. Eyni zamanda, şəxsi heyətin təlimlərdə istifadə etdiyi və hərbi hissədə saxladığı bütün növ silahların siyahısı və ya fotosu. Bunların hamısı hərbi sirr kateqoriyasına aiddir. Buna görə də MN haqlı olaraq belə bir xəbərdarlığı edir ki, vətəndaşlarımız ayıq-sayıq olsunlar. Hazırda bütün hərbi hissələr qarşısında xüsusi tablo vurulur. Orada video və foto çəkilişlərin qadağan edildiyinə dair xəbərdarlıq yazılır. Təəssüf ki, bəzi valideynlər buna əməl etmirlər. Amma gəlin görək, onlar nə kimi təhlükələr törətmiş olurlar? Məsələn, sıra meydanında duran valideyn hərbi hissə komandirinin əsgərlər və onların yanına gələn mülki şəxslərlə görüşünü çəkir. Hərbi hissə komandiri və onun ətrafındakı rəhbər heyət kadrlara düşəndə biz artıq valideyn olaraq dövlət sirrinin yayılmasında iştirak edirik. Hansısa valideyn hərbi hissəyə aid videonu və ya fotonu sosial şəbəkədə paylaşanda düşmən bunu asanlıqla əldə edə bilir. Orada olan obyektlərin kosmik əlaqələndirilməsi aparılır. Bunu etmək çox asandır. Bununla da həmin hərbi hissənin bütün koordinatı düşmənin əlinə keçmiş olur. Bir çox hallarda isə valideynlər bilmədən hansı hərbi hissənin hansı ərazidə olduğunu, hətta nömrəsini də açıq yazırlar. Bu yolverilməzdir. Çünki bununla biz şanlı ordumuzu çətin vəziyyətə salırıq. Hər bir vətəndaş bu qaydalara əməl etməyə borcludur”.
Məhəmmədəli QƏRİBLİ