Məhərrəm Zülfüqarlı: “... bir möhürü, bir də sədri olan partiyaların işinə yenidən baxılmalıdır”
Məlum olduğu kimi, 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. Bu barədə mətbuata açıqlama verən MSK katibi Mikayıl Rəhimovun sözlərinə görə, həmin partiyaların 6-sının sədri dünyasını dəyişib: “Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb”.
O da məlum olub ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək.
Qeyd edək ki, siyasi partiyaların illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim etməsi üçün müəyyənləşdirilən vaxt aprelin 1-də başa çatıb. Bu müddətə qədər hesabat təqdim etməyən partiylar barədə MSK Ədliyyə Nazirliyinə məlumat verəcək. Ümumilikdə, 2018-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı 32-yə çatıb.
O da məlum həqiqətdir ki, Azərbaycanda 50-yə yaxın siyasi partiya qeydiyyatdan keçsə də, onların heç də hamısı partiyaya xas olan bir sıra parametrlərə malik deyi. Söhbət partiyanın üzvlərinin sayından, ictimai rəyə təsirindən, təşkilatlanma səviyyəsindən, bir sözlə, siyasi təşkilat olaraq varlığından gedir. Azərbaycanda bir çox partiya qeydiyyatdan keçsə də, praktiki olaraq, onların fəaliyyəti yoxdur. Elə partiya var ki, bir sədri var. Həmin partiyanın, ümumiyyətlə, üzvü yox səviyyəsindədir. O mənada ki, varsa belə, bəlkə də 10 nəfərdən o tərəfə keçmir. Təbii ki, belə bir təşkilatı partiya kimi qəbul etmək gülüncdür. Bütün bunları nəzərə alaraq ölkədəki partiyaların yenidən qeydiyyatdan keçirilməsinə ekspertlər necə yanaşırlar?
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, partiyaların yenidən qeydiyyatdan keçirilməsinə ehtiyac var: “Nizamnamaya görə, QHT-lər iki ildən bir qeydiyyatdan keçməlidirlər. Partiyaların da, ən başlıcası, fəaliyyətləri görünməlidir. Fəaliyyət görünmürsə, ən azından, maliyyə hesabatları olmalıdır. Daha sonra nizamnaməyə uyğun olaraq işlərinə baxıb yenidən partiyaları qeydiyyatdan keçirmək olar. Bu gün ölkədə minlərlə QHT var. Hansı QHT aktivdirsə, fəaliyyət göstərirsə, verdiyi layihələr dəstəklənir. Hansılarda bu yoxdursa, o zaman kənarda qalırlar. Partiyalar da belə olmalıdır. Hesab edirəm ki, nə vaxtsa qeydiyyatdan keçib bir möhürü, bir də sədri olan partiyaların işinə yenidən baxılmalıdır. Həmin siyasi təşkilatların fəaliyyətləri yoxdursa, qeydiyyatları ləğv edilməlidir. Ancaq fəaliyyəti olan, qeydiyyatdan keçməyən partiyalar isə qeydiyyatdan keçməlidirlər. Ümumilikdə, partiyanın ya konfransı, ya da qurultayı olmalıdır. Bu zaman üzvlərin sayı görünməlidir ki, doğrudan da siyasi partiya olduqları bəlli olsun. Siyasi partiya hakimiyyət uğrunda mübarizə aparan təşkilatdır. Bu hər bir partiyanın proqramında öz əksini tapıb. Partiyanın üzvləri, fəaliyyəti yoxdursa, o zaman belə partiyanın varlığı nəyə lazımdır? Möhür cibində hansısa şəraiti gözləmək, hansısa anda mən də varam deyib ortaya çıxmaq düzgün deyil. Ona görə də ölkədəki partiyalar yenidən qeydiyyatdan keçməlidirlər. Fəaliyyəti olmayanların qeydiyyatı ləğv edilməlidir”.
Vidadi ORDAHALLI