ABŞ-ın daxilində və beynəlxalq aləmdə etirazlara baxmayaraq, prezident Donald Tramp rəsmən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terrorçu təşkilat olduğunu bəyan etdi. Rəsmi Vaşinqtonun bu addımına Tehranda dərhal reaksiya verilib. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası ABŞ ordusunu terrorçu təşkilat, əsgərlərini isə terrorçu elan edib.
İranın Ali Milli Təhlükəsizlik ŞurasıYaxın Şərqdə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil edib. Ekspertlər isə bütün bunları təhlükəli hal sayır. Ən azı o baxımdan ki, baş verənlər ABŞ və İran arasında barəsində çoxdan söhbətlər gəzən savaşın başlanmasını tezləşdirə bilər. Belə savaşın olmasını isə region ölkələri, o cümlədən də Azərbaycan qətiyyən istəmir. Çünki ABŞ-İran savaşı bütün regiona dağıdıcı təsir göstərmək iqtidarındadır.
ABŞ-ın “The Hill ” qəzeti də yazır ki, olaylar həqiqətən də çox dağıdıcı nəticələrə gətirib çıxara bilər: “Məhz bu səbəbdən, məlumatlara görə, ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsi SEPAH-ın terrorçu təşkilatlar siyahısına daxil edilməsinə qarşı çıxıb və bunda təəccüblü heç nə yoxdur, çünki Bağdadda fəaliyyət göstərən Amerika hərbçi və zabitləri zərbə altında qala bilər. ABŞ Müdafiə Nazirliyində 2007-ci ildən SEPAH-ın terrorçu təşkilatlar siyahısına daxil edilməsi ideyasına qarşı dirənirlər. ABŞ qərargah rəislərinin Birləşmiş Komitəsində bildiriblər ki, Birləşmiş Ştatlar onların hökumətlərinin sanksiyalaşdırdığı əməliyyatlara qatılan hərbi zabitlərin terrorçular siyahısına daxil edilməsindən həmişə ciddi-cəhdlə yayınıblar ki, Amerika hərbçilərinə münasibətdə oxşar cavab tədbirlərindən qaçsınlar. Xarici dövlət də cavabında gizli hərəkət edərək, üsyançılara hərbi yardım çatdıran Amerika xüsusi təyinatlısının zabitlərini terrorçular siyahısına daxil edə bilər.
Bundan qabaqakı dəfə cinayətkar təşkilatlar siyahısına daxil edilən suveren dövlətin hərbi birləşməsi “Vaffen-SS” qoşunları olub. Nasist Almaniyasının bu qurumunu hərbi cinayətlər etməkdə və insanlığa qarşı cinayətdə ittiham ediblər. Doğrudanmı, SEPAH-a komandanlıq edən general-mayor Məhəmməd Əli Cəfəri reyxsfürer Henrix Himmler qədər qorxuludur? Əlbəttə, yox. SEPAH-ın terrorçu təşkilatlar siyahısına daxil edilməsi ciddi nəticələrə apara bilər. İran təhlükəsizlik qurumlarının əlinə düşən Amerika girovlarının sayı artacaq. O biri yandan, SEPAH öz iqtisadi imkanlarını genişləndirə bilər”.
Qeyd edək ki, artıq ABŞ və İran arasında gərginliyin daha da artması müşahidə edilir. SEPAH-ın baş komandanı Məhəmməd Əli Cəfəri bildirib ki, baş verənlər fonunda onlar hərbi potensiallarını daha da artıracaqlar. O, Tramp administrasiyasının SEPAH-ı terror təşkilatları siyahısına salması qərarını olduqca gülünc addım adlandırıb: “Bu strateji xətadır. İran ətrafında min kilometr radiusda olan amerikalı əsgərlər dərhal ərazini tərk etməlidir. Artıq ABŞ-ın Qərbi Asiyadakı ordusu və hərbi qüvvələrinin dincliyi, sabitliyi pozulacaq, onlar artıq təhlükəsiz şəraitdə qala bilməyəcəklər”.
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə ölkəsinin hərbçilərinə hücumun İran üçün dəhşətli səhv olacağını açıqlayıb: “Biz belə olacağı təqdirdə layiqincə cavab verəcəyik. İnqilab Keşikçiləri zəifləmədən Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək mümkün deyil”. Pompeo bir daha ölkəsinin İnqilab Keşikçilərini xarici terror təşkilatları siyahısına salması qərarını müdafiə edib: “İran İnqilab Keşikçiləri terrorçu təşkilatdır və biz bunu müəyyən etmiş olduq. Dünyanın hər tərəfində olan hər bir Amerika əsgərini qoruduğumuzdan əmin olmaq üçün hər zaman əlimizdən gələni edirik. İran hakimiyyəti Yaxın Şərqdə ABŞ-a hərbi hücuma qərar verərsə, bu, nəticələrsiz qalmayacaq”. İnqilab Keşikçilərinin 600-dən çox amerikalı əsgəri öldürdüyünü xatırladan baş katib ABŞ-ın bu qərarının bölgədəki əsgərlərlə diplomatların işini çətinləşdirəcəyi məsələsinə pozitiv münasibət bildirib: “Artırılmış təzyiqin daha çox amerikalının həyatını xilas edəcəyinə və bütün Yaxın Şərqdə daha stabil, daha sülhpərvər və daha təhlükəsiz bir şərait yaradacağına güvənirik”. Pompeo İnqilab Keşikçilərinin kənarda fəaliyət göstərən qolu olan Qüds Qüvvələrinin komandiri Qasım Süleymanini də açıq şəkildə “terrorçu” adlandırıb.
ABŞ-ın Beynəlxalq Siyasət Mərkəzinin baş elmi əməkdaşı Metyu Hou isə bildirir ki, Vaşinqtonun SEPAH-ı terror təşkilatları siyahısına daxil etməsi qərarı İrana qarşı istənilən addımlara haqq qazandırmaq imkanı yaradacaq. Onun sözlərinə görə, bu plan ABŞ-a İrana qarşı müharibənin başladılması üçün bəhanə verəcək: “Bu taktika Amerikada tarixi boyunca daim izlənilib. Hədəfə çatmaq, bu hədəfi şeytanlaşdırmaq lazımdır. Bu, sadə və effektiv taktikadır. Müharibəyə haqq qazandırmaq üçün amerikalıları qəzəbləndirmək, onları İraqdan olduğu kimi, İrandan da qorxmağa məcbur etmək lazımdır. Pentaqonun bir müddət əvvəl 608 amerikalının İraq müharibəsində iranlılar tərəfindən öldürülməsi xəbərini yayması təsadüfi deyil. Görünür, ABŞ yenidən müharibə və ya İranda rejim dəyişikliyi istəyir. Ona görə də növbəti qisas üçün arqumentlərini sıralayır”.
Nahid SALAYEV