Vüqar Rəhimzadə: “Rusiyanın belə bir məşhur insanının bu cür ifadə işlətməsi, həqiqəti dilə gətirməsi reallığı əks etdirir” Vaqif Abışov: “... Ermənistanı işğalçı dövlət olaraq tanımasının bir göstəricisidir”
Ermənilərin iç üzü dünya qarşında sürətlə açılır. Artıq beynəlxalq ictimaiyyət bu toplumun işğalçı bir xalq olduğunu anlayır və müxtəlif formalarda bunu etiraf edirlər. Bu gün Rusiyanın özündə də həm deputatlar, həm tanınmış elm, mədəniyyət, incəsənət xadimləri Ermənistanın işğalçı bir dövlət olduğunu və Azərbaycan torpaqlarını işğal etdiyini vurğulayırlar.
Tanınmış rusiyalı kinorejissor Vladimir Menşov Bakıda keçirlən yaradıcılıq gecəsindəki çıxışında qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. “Düşünürəm ki, ermənilər Qarabağın onların torpağı olduğunu deməklə çox böyük tarixi səhvə yol veriblər” - deyə bildirən V.Menşov tamaşaçılardan birinin ona ünvanladığı “Qarabağ haqqında film sifarişi alsanız, necə çəkərsiniz” sualına cavab olaraq bildirib ki, o, problemlə yaxından tanış deyil: “Baş verənlərin bu qədər qəddarcasına olduğunu bura gələndən sonra öyrəndim. Mən bilirəm ki, heç kim heç kimi bağışlamır. Torpaq uğrunda nifrət qazanmağa dəyməz. Ermənilər tarixi səhvə yol veriblər”.
Rusiyalı kinorejissorun etirafı o deməkdirmi ki, artıq Rusiyanın daxilində erməni işğalına qarşı etirazlar formalaşıb?
Ekspertlər qeyd edirlər ki, Rusiyanın mədəniyyət xadimləri, incəsənət adamları ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq siyasətinə qarşı etiraz bildirirlər.
“İki sahil” qəzetinin baş redaktoru, tanınmış ictimai xadim Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, artıq nəinki Rusiya, hətta başqa ölkələrdə də mədəniyyət, incəsənət xadimləri ermənilərin işğalçılıq siyasətini pisləyirlər. “Təbii ki, artıq reallıq görünür və hər şey göz önündədir. Ermənilərin yaydıqları yalan, iftira dolu informasiyaları, bu istiqamətdə gedən proseslər artıq iflasa məhkum olub. Düşünrəm ki, yalnız Rusiya ictimaiyyəti deyil, elə erməni ictimaiyyətinin özü də, qara camaatı da Ermənistanda siyasi hakimiyyətdə olanların əməllərindən beziblər. Bəli, dünya ictimaiyyəti artıq reallığı görür. Rusiyanın belə tanınmış bir sənətkarının ermənilərin tarixi səhvə yol verməsi ilə bağlı fikir səsləndirməsi bir daha reallığı ortaya qoyur ki, artıq bu ölkənin ictimaiyyəti də ermənilərin kim olduqlarını, Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti həyata keçirdiklərini, tarix boyu terror təşkilatları ilə əlaqələrinin, bağlılıqlarının olduğunu yaxşı bilirlər. Onlar Rusiya ilə də bağlı müxtəlif təhdid dolu hadisələrin şahidi olublar. Ona görə də Rusiyanın belə bir məşhur insanının bu cür ifadə işlətməsi, həqiqəti dilə gətirməsi reallığı əks etdirir, o tamamilə reallıqdan çıxış edərək bu fikri söyləyib. Fikrimcə, bu fikrin səsləndirilməsi kimi hallar vacib məsələlərdən biridir ki, ümumiyyətlə, regionda bu problemin həll olunmasına öz müsbət təsirini göstərə bilər” - deyə V.Rəhimzadə bildirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi Vaqif Abışovun fikrincə də V.Menşov bu açıqlamanı verərkən, bütövlükdə, Qarabağ münaqişəsi ilə bağlı Rusiya ictimaiyyətində formalaşan fikri, rəyi qeyd edib. “V.Menşovdan əvvəl də bu fikri səsləndirən mədəniyyət, incəsənət, elm, ədəbiyyat xadimləri olub. Rusiya mətbuatına nəzər salsanız görərsiniz ki, 2016, 2017, 2018-ci illərdə bu ölkənin KİV-ində Rusiyanın bir sıra tanınmış elm, mədəniyyət xadimləri, tarixçilər, ədəbiyyatçılar dəfələrlə Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunu bəyan ediblər. Bu torpaqların Azərbaycanın tarixi əraziləri olduğunu yazıblar. Hətta onu da bildiriblər ki, Azərbaycana məxsus bu torpaqları Rusiya alıb ermənilərə verib. Rusiya ictimaiyyəti yaxşı bilir ki, o torpaqlar ermənilərə məxsus deyil. Bu baxımdan, həm sadə rusiyalılar, həm tanınmışlar, həm də dövlət adamlarının belə bir bəyanat verməsi təbiidir. Rusiya tarixçilərinin özləri dəfələrlə bu barədə yazıblar. Görkəmli Rusiya tarixçisi Oleq Kuznetsov özü Dağlıq Qarabağ məsələsi ilə bağlı bir neçə kitab yazıb, o bu kitablarında ermənilərin işğalçılıq siyasətini kəskin tənqid edib. Rusiyalı kinorejissorun ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı fikr səsləndirməsi və onların tarixi səhvə yol verdiklərini bəyan etməsi, birmənalı olaraq, Rusiyanın mədəniyyət, incəsənət, elm, ədəbiyyat adamlarının Ermənistanı işğalçı dövlət olaraq tanımasının bir göstəricisidir. Bu gün Rusiya ictimaiyyətində ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq siyasətinə bir etiraz formalaşıb” - deyə V.Abışov vurğuladı.
İradə SARIYEVA