Qabil Hüseynli: “Zənnimcə, atdığı düzgün addım nəticəsində bu prosesdən uduşla çıxan Türkiyə oldu”
Türkiyə və ABŞ arasında siyasi qalmaqala səbəb olan amerikalı keşiş Endryu Branson ötən həftə İzmir şəhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Artıq doğma vətəninə yola düşən keşiş hətta ABŞ Prezidenti Donald Tramp tərəfindən də qəbul edilib.
Qeyd edək ki, Branson Türkiyədə FETÖ və PKK terror təşkilatını dəstəkləməklə dövlət çevrilişinə cəhddə ittiham olunurdu. ABŞ uzun müddət idi ki, keşişin azad edilməsini tələb edirdi. Hətta bununla bağlı Türkiyəni iqtisadi sanksiyalarla da hədələmişdi. Türkiyə iqtisadiyyatında baş verən geriləmə nəticəsində lirənin dollara nisbətdə kursunun kəskin azalmasını da ABŞ-ın Bransona görə aldığı qisas kimi dəyərləndirirdilər. İki ölkə arasında böyük qalmaqalın yaranmasına səbəb olan şəxs artıq azadlıqdadır. Bu prosesdən kim uddu və kim uduzdu? Keşiş qalmaqalının bitməsi ABŞ-Türkiyə münasibətlərində yaranmış soyuqluğu aradan qaldıra bilərmi?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə kimin udub, kimin uduzduğunu təhlil etməli olsaq, çox dərinliklərə varmaq lazım olacaq: “Qısası, demək olar ki, bu məsələdə ağıl qalib gəldi. Heç kim də udub və ya uduzmadı. Çünki proseslər dərinləşməyə davam etsəydi, iki NATO dövləti olan Türkiyə ilə ABŞ arasında çox dərin uçurum olacaqdı. Belə olacağı təqdirdə bundan daha çox uduzan Türkiyə olacaqdı. Zənnimcə, atdığı düzgün addım nəticəsində bu prosesdən uduşla çıxan Türkiyə oldu. Çünki rəsmi Ankara ona qarşı tətbiq edilən bütün sanksiya və embarqoların ləğvinə nail oldu. Üstəlik də özünün əbədi müttəfiqi ilə münasibətləri normallaşdıra bildi. Düzdür, hələ Türkiyənin məhbəslərində ABŞ-ın azadlıqda görmək istədiyi çoxlu sayda jurnalist qalır. Rəsmi Vaşinqton hesab edir ki, onlar da siyasi baxışlarına görə təqib olunurlar və bu səbəbdən həmin şəxslərin də azad edilməsi tələbini irəli sürür. Amma, hər halda, keşiş Branson ABŞ üçün daha önəmli fiqur sayılır. ABŞ uzun səyləri nəticəsində onu əldə edə bildi. Bu hadisədən hər iki dövlət: həm ABŞ, həm də Türkiyə böyük ibrət dərsləri götürməlidir. Düşünürəm ki, iki mühüm NATO dövləti arasındakı münasibətlər bundan sonra normal məcrada davam edəcək. Mən istərdim ki, bu hadisədən sayın Ərdoğan da ciddi nəticə çıxarsın. Çünki hər xırda məsələyə görə müttəfiqlərlə münasibətləri bu şəkildə dərinləşdirməyə dəyməzdi”.
Məhəmmədəli QƏRİBLİ