ABŞ və İran arasında münasibətlərin getdikcə daha gərgin xarakter alması, tərəflərin hətta hərbi qarşıdurmaya gedə biləcəyi indi ekspert dairələrində qətiyyən istisna olunmur. Yayılan bilgilərdən isə o da aydın olur ki, ABŞ İranı vurmaq üçün Qafqazdan, əsas etibarı ilə Gürcüstandan, bu ölkənin Qara dənizdəki mövqelərindən istifadə istiqamətində fəal iş aparır.
Bütün bu istiqamətdə hadisələrin necə inkişaf edəcəyi isə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun, Azərbaycan da daxil olmaqla, Cənubi Qafqaz respublikalarına qarşıdakı səfərindən sonra daha dəqiq bəlli olacaq. “Daily Shtorm” online nəşri yazır ki, Boltonun səfərinin əsl məqsədi Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini dilə tutaraq onları İranla əməkdaşlıq etməməyə, bu ölkədən neft və qaz almamağa inandırmağa cəhd etməkdir. Rusiyanın ABŞ-dakı diplomatik missiyasındakı mənbə sözügedən nəşrə açıqlamasında qeyd edir ki, Boltonun bu məqsədinə nail olması heç də asan olmayacaq. Məsələn, Azərbaycan kənardan heç kimin diqtəsi ilə hərəkət etmir. İrəvana gəldikdə, məhz İranın hesabına Ermənistan Rusiyadan energetika sahəsində tam asılılığı aradan qaldırmağa çalışır. Tehran Ermənistandakı azad iqtisadi zonada gündə 200 min barrel neft emal edən neftayırma zavodu qurmağa hazırlaşır. O da qeyd olunur ki, Boltonun ermənilərlə İran məsələsində xoşagəlməz əməkdaşlıq təcrübəsi var. 2005-ci ildə Bolton ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olanda İrəvan bu təşkilatın İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxmışdı. O vaxt Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyanla görüşmüşdü. Və Martirosyan siyasi xəritənin köməyi ilə İrəvanın mövqeyini Boltona uzun-uzadı izah etməyə çalışmışdı. Səfir bildirmişdi ki, Ermənistan hər tərəfdən qeyri-dost ölkələrlə əhatələnib, təkcə İran və Rusiya ona müsbət yanaşır.
Rusiyanın “regnum.ru” portalı yazır ki, əslində, yaranmış vəziyyətdə daha məharətlə oyun qaydalarını quran ölkə Azrəbaycandır. Portal qeyd olunan xüsusda daha sonra yazır: “ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton xəbər verib ki, oktyabrın 20-də Rusiya-Azərbaycan-Ermənistan-Gürcüstan marşrutu üzrə işgüzar səfər etmək niyyətindədir. “Reuters” onun sözlərinə istinadən dəqiqləşdirir ki, Bolton bu ölkələrdə təhlükəsizliklə bağlı Amerikanın bir sıra maraqlarını yeritmək üçün həmkarları və başqa yüksəkməqamlı məmurlarla görüşməyi planlaşdırır. “Amerikanın səsi” daha bir neçə detala toxunur: “Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşəcək, Rusiya XİN başçısı Sergey Lavrov tərəfindən qəbul edilə bilər.
Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Helsinki sammitini hazırlamaq üçün Amerika prezidenti köməkçisinin əvvəllər Moskvaya uçduğu nəzərə alınarsa, ehtimal etmək olar ki, o bu dəfə də onların növbəti görüşünün süjetini hazırlayacaq. Xüsusən də Bolton və Patruşev avqustda Cenevrədə görüşdüklərinə görə.
“Bu səfərin səbəbi, – Bolton deyib, – Tramp və Putinin yayda Helsinkidə başladıqları dialoqu davam etdirmək, ABŞ və Rusiya arasındakı münasibətləri və harada irəliləyişə nail ola biləcəyimizi, daha harada problem və fikir ayrılıqlarımızın olduğunu müzakirə etməkdir”. Lakin ABŞ prezidentinin köməkçisi indi, onun sözlərinə görə, “çox önəmli coğrafi rol oynayan, İran, Rusiya, Türkiyə ilə iş görən və buna görə seçilən Cənubi Qafqaza yollanacaq”.
Bolton Bakı, İrəvan və Tiflisə səfər edəndən sonra Moskvaya uçsaydı, durum özgə cür görünərdi. Amma bu ölkələrdə Moskva danışıqlarından sonra olacaq və görünür, bu gedişatda Qafqazın müəyyən, amma Yaxın Şərqdəki duruma bağlı adını çəkmədiyi problemləri müzakirə olunacaq. Güman olunur ki, diqqət mərkəzində İran və ola bilsin, Suriya olacaq. Amma ABŞ bu istiqamətlərdə müəyyən özəlliyi olan işlərlə uğraşır. Rusiya, İran və Türkiyə Suriya tənzimləməsində əsas zaminlər kimi çıxış edir. Bundan savayı, indi bu üç ölkə müxtəlif səbəblərdən Amerika sanksiyalarının fərqli basqısı altındadır ki, bu da bir çox yönlərdə onların mövqelərini yaxınlaşdırır. Lakin Boltonun bölgəyə səfəri zamanı müzakirələrin ən önəmli mövzularından biri İran məsələsi olacaqsa, Azərbaycan və ola bilsin Ermənistan da yenə neytral mövqe tutacaq və Tehranla yaxşı qonşuluq münasibətlərinin saxlanmasına üstünlük verəcək. Bakı həm də Baltikyanı ölkələr və İran üzərindən Hindistan arasında əlaqə yaratmağa nəzərdə tutulmuş “Şimal-Cənub” layihəsini həyata keçirməyə çalışır. Gürcüstan başqa məsələdir.
Bununla bağlı Türkiyənin “Yeni Çağ” nəşrinin yazdığına görə, “ABŞ İranla müharibə şəraitində onu öz coğrafiyasının dərinliyi imkanından məhrum etmək üçün Gürcüstanın NATO ilə alyansından yararlanaraq öz döyüş gəmilərini Qara dənizə daxil etmək üçün əlləşir”.
Bu nəşrin fikrincə, Ankara bu ana doğru “McKinsey” (Nyu-Yorkda Türkiyə rəhbərliyinin iqtisadiyyatın bərpasında proqram tərtibi xahiş etdiyi konslatinq şirkəti) vasitəsilə ABŞ-a tamamilə tabe etdiriləcəyindən, Vaşinqton bu durumda 2003-də İraqın Amerika işğalından öncə olduğu kimi, –Boltonun da bunda birbaşa əli var idi – 63 min hərbçini yerləşdirmək üçün Şərqi Anadoluda öz bazalarını yaratmağa səy göstərəcək və Samsun və Trabzon limanlarını onun sərəncamına verməyi tələb edəcək.
Hadisələrin bu cür gedişi Cənubi Qafqazda da durumu prinsipialcasına dəyişdirə bilər. Amerikanın bir çox ekspertlərinin fikrincə, “ABŞ Vaşinqtona marağın itməsi üzündən orada öz nüfuzunu itirməyə başlayıb”. Düzdür, burada müəyyən çalar var idi. Elə həmin ekspertlər bir vaxtlar Cənubi Qafqazın xarici siyasət elitasına öz layihələri və ideyaları ilə Amerikanın siyasi bazarına girməyi təklif ediblər. Lakin Bakı özünün kürəsəl energetika layihələrini gerçəkləşdirərək, özünü az qala Avropanın energetik təhlükəsizliynə zamin kimi bəyan edərək bunu əvvəllər də edib, indi də belə edir. Bəs nəticəsi nədir? Ola bilsin, Bolton da İrəvanı KTMT-dən dərhal və sürətlə qoparmağa nail olımağın mümkünsüzlüyünü anlayaraq, Azərbaycana Dağlıq Qarabağ münaqişəsilə bağlı hansısa yeni ideyalar təklif edəcək.
Hələlik isə Cənubi Qafqaza bu məqsədlə uçur ki, Cənubi Qafqaz dövlətlərinin sonrakı siyasi kursu haqda aydın təsəvvür əldə etsin, habelə İran məsələsi üzrə onların ayrıntılı mövqeyini dinləsin. Ola bilsin, bu haqda tezliklə daha ətraflı bilərik”.
Tahir TAĞIYEV