Fikrət Yusifov: “Son zamanlar maşınqayırma və yeyinti sənayesinə göstərilən diqqət və qayğı həm bu sahədə istehsalın, həm də ixracın artmasına səbəb olub”
Ukrayna Analitik Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Aleksandr Oxrimenko Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsinə münasibət bildirib. Aleksandr Oxrimenko qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatının artım tendensiyası heyranedicidir.
Ekspert Azərbaycanda ötən illər ərzində qeyri-neft sektorunda əldə edilən uğurları xüsusi qeyd edib. O, Azərbaycan rəhbərliyinin enerji resurslarından ölkə iqtisadiyyatının inkişafı və respublikanın gələcəyi ilə bağlı strategiyanın hazırlanıb həyata keçirilməsində istifadə etdiyini diqqətə çatdırıb: “Azərbaycan əsasən neft məhsulları ixrac etsə də, son dövrlər yeyinti, maşınqayırma məhsullarının ixracını da artırıb”.
Son zamanlar Azərbaycanda yeyinti və maşınqayırma məhsullarının ixracının artması barədə fikir bildirən professor, iqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Son zamanlar tək maşınqayırma və yeyinti məhsullarının ixracatında deyil, qeyri-neft sektorunun digər sahələrində də artım qeydə alınır. Bu, bütövlükdə, Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının inkişafı istiqamətində müəyyən etdiyi kursun nəticələridir. Yerli iqtisadiyyatın inkişafı həm daxildə qiymətləndirilir, həm də xarici ölkələrdə müsbət dəyərləndirilir”.
İqtisadçının sözlərinə görə, cari ilin 9 ayının nəticələrinə görə, qeyri-neft sektorunda ixracat 14 faiz artıb: “14 faiz artımın qeydə alınması sevindiricidir. Çünki qeyd olunan rəqəm olduqca ciddi rəqəmdir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində real sektorun ayrı-ayrı sahələrində də inkişaf gözlənir. Bu,maşınqayırma, yeyinti və digər sahələrdə baş verə bilər.
Onu da deyim ki, iqtisadiyyatın elə sahələri var ki, onlar yaxın zamanlara qədər diqqət mərkəzində olmayıb. Ancaq son zamanlar maşınqayırma və digər sahələrə xüsusi diqqət göstərilir. Göstərilən münasibət həm istehsalın, həm də ixracın artmasına səbəb olub”.
Günel CƏLİLOVA