Yeganə Hacıyeva: “Deyilən istiqamətlərin əksəriyyəti üzrə artıq Azərbaycanda ciddi islahatlar aparılıb”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda keçirilən “Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı 2018-2021-ci illərdə Avropa Şurasının Azərbaycan üzrə qəbul edəcəyi fəaliyyət sənədindən də danışıb:
“…Onu da qeyd etmək istərdik ki, Avropa Şurasının Ədalət mühakiməsi üzrə Komissiyası (CEPEJ) bu yaxınlarda hesabatında Azərbaycanın hakim seçilməsi prosesini şəffaflığı və obyektivliyi baxımından vurğulayıb. Həmçinin, sizə bildirmək istərdim ki, Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə fəaliyyət sənədi tezliklə qəbul ediləcək və onun uğurla həyata keçirilməsi, şübhəsiz ki, yuxarıda göstərilən məqsədlərə daha tez nail olunmasına öz töhfəsini verəcək".
Elmar Məmmədyarovun adını çəkdiyi 2018-2021-ci illər üçün Azərbaycan üzrə “Fəaliyyət planı” özündə nəyi ehtiva edir və bunun ölkəmiz üçün nə kimi əhəmiyyəti olacaq?
Avropa qurumları ilə sıx təmasda çalışan beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan 2001-ci ildən 47 dövləti özündə birləşdirən Avropa Şurasının tamhüquqlu üzvüdür: “Bu illər ərzində Azərbaycan Avropa Şurasının iştirakı və dəstəyi ilə milli qanunvericiliyin və hüquqi prosedurların Avropa standartlarına uyğunlaşdırılması, həmçinin, məhkəmə sisteminin və ədliyyə orqanlarının müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, milli seçki qanunvericiliyinin və sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına yaxınlaşması, yerli özünüidarəetmənin inkişafi, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində digər üzvlər üçün də nümunə ola biləcək geniş və məhsuldar bir yol keçib.
Avropa Şurası və Azərbaycan əməkdaşlığın gələcək strateji prioritetlərinin müəyyənləşməsi istiqamətində 2018-2021-ci illərdə Azərbaycan-Avropa Şurası “Fəaliyyət planı” qəbul edilməsi üzrə birgə fəaliyyət göstərirlər.
Qeyd etmək lazımdır ki, “Fəaliyyət planı”nın qəbul olunması Azərbaycan-Avropa Şurası münasibətlərinin yeni mərhələyə yüksəlməsi ilə müşayiət olunacaq.
Avropa Şurası ilə Azərbaycan arasında daha öncələr qəbul edilmiş “Fəaliyyət planı” qanunun aliliyi, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsinin etibarlı təminatı, vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə sisteminin effektivliyinin artırılması, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı səbəbindən qaçqın düşmüş insanların hüquqlarının müdafiəsi istiqamətində layihələrin həyata keçirilməsi istiqamətində olub.
Əməkdaşlığın maksimim diqqət göstərdiyi uğurlu sahə məhkəmə-hüquq sahəsi və bu sahədə aparılan geniş islahatlardır. Həmçinin, Azərbaycanda hakimlərin seçimində də Avropa praktikasının tətbiqi, yerli hakimlərin Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığının qurulması, məhkəmənin presedentlərinin öyrənilməsi, tətbiqi və həmçinin, hakimlərin qısamüddətli tədris səfərləri təşkil olunub .
Əməkdaşlığın nəticəsi kimi insan hüquqlarının qorunması və korrupsiya ilə mübarizədə mühüm rol oynayan ədalətli məhkəmə sisteminin təkmilləşdirilməsi baş verib”.
Ekspertin sözlərinə görə, 2018-2021-ci illərdə Azərbaycan-Avropa Şurası “Fəaliyyət planı”nda insan haqları, ifadə və media, sərbəst toplaşmaq azadlıqları və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilməli layihələr nəzərdə tutulur: “2018-2021-ci illərdə Azərbaycan-Avropa Şurası “Fəaliyyət planı”nda vətəndaş cəmiyyəti və hökumətlə həyata keçirilməsi nəzərdə tutulan layihələr aşağıdakılardır. Sərbəst toplaşmaq azadlığı, söz və kütləvi informasiya vasitələrinin azadlığı, sərbəst assosiasiya hüququ, effektiv idarəetmənin möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizə, azad və ədalətli seçkilərin dəstəklənməsi, məhbusların hüquqları, cəzasızlığa və amansız rəftara qarşı effektiv mübarizə, məhkəmə sisteminin effektivliyinin artırılması, Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi, regionlarda yerli demokratiya və inkşafi layihələri, kibercinayətkarlıqla mübarizədə əməkdaşlıq və sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşkil olunmasını nəzərdə tutur.
Ümidvaram ki, bu “Fəaliyyət planı” üzrə hərəkət hər iki tərəf üçün faydalı olacaq. Hesab edirəm ki, nəzərdə tutulan “Fəaliyyət planı” üzrə ortaya qoyulan sahələrin işinin daha da təkmilləşdirilməsində Azərbaycanın elə də çətinliyi olmayacaq. Çünki deyilən istiqamətlərin əksəriyyəti üzrə artıq Azərbaycanda ciddi islahatlar aparılıb”.
Məhəmmədəli QƏRİBLİ