Fikrət Sadıqov: “Sözügedən konfrans Azərbaycanın öz qəti və prinsipial mövqeyini ortaya qoymağa şərait yaradacaq”
“Biz artıq Brüsseldə QDİƏT-Aİ yüksək səviyyəli konfransının təşkil edilməsi perspektivlərini müzakirə edirik”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda keçirilən “Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.
Xarici işlər naziri vurğulayıb ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) tərkibinə Avropa İttifaqının 3 üzv ölkəsi, bir sıra namizəd və assosiativ tərəfdaş ölkələri, eyni zamanda həm Azərbaycan, həm də Aİ-nin digər mühüm qonşuları daxildir: “Beləliklə, əslində, bu, ŞT coğrafiyasını və hətta daha geniş qonşuluğu əhatə edir. QDİƏT və Aİ arasında regional sinerji var. Bağlılıq bu əməkdaşlığın elementlərindən biri olmalıdır. Azərbaycan da bu sahəyə bir çox töhfə verə bilər. QDİƏT-də bizim Aİ ilə qarşılıqlı əlaqələrimiz var – "ad hoc" işçi qrupu və hətta COEST - QDİƏT görüşləri mövcuddur. Əslində, dekabrın ortalarında Bakıda keçiriləcək Xarici İşlər Nazirləri yığıncağında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədrliyini Bolqarıstana təhvil veririk və biz artıq Brüsseldə QDİƏT-Aİ yüksək səviyyəli konfransının təşkil edilməsi perspektivlərini müzakirə edirik. Bu, Bolqarıstanın QDİƏT-ə sədrlik dövründə və Rumıniyanın Aİ Şurasında sədrliyi dövründə baş tutacaq. Hər iki ölkə ilə - istər ŞT daxilində, istərsə də Azərbaycan daxilində, Aİ və ya başqa bir regional formatda bizim müzakirə etmək üçün mövzularımız var. Bu mövzular bizim bir çoxumuza aiddir, onlar ŞT-yə da aiddir”.
Hər halda, sozügedən konfransın keçirilməsi tərəflər arasında bir sıra məsələlərin həllinə, əlaqələrin genişlənməsinə müsbət təsir edəcək.
Maraqlıdır, bəs ekspertlər QDİƏT-Aİ yüksək səviyyəli konfransının təşkil edilməsinin əhəmiyyətini necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, iki təşkilat arasında yüksək səviyyəli konfransın keçirilməsi müsbət əhəmiyyət kəsb edəcək: “Düşünürəm ki, belə bir təşəbbüsün ortada olması müsbət faktordur. Çünki Avropa İttifaqı böyük və kifayət qədər nüfuzlu bir təşkilatdır. QDİƏT və Aİ arasında əlaqələrin keyfiyyətinin artması ümumən bütün ölkələr üçün müsbət əhəmiyyət kəsb edir. Xüsusən də QDİƏT-də təmsil olunan ölkələr üçün bunun əhəmiyyəti böyükdür. Çünki təşkilatda təmsil olunan bəzi ölkələr Aİ-yə üzv olmağı məqsəd qoyub. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, sözügedən konfrans Azərbaycanın öz qəti və prinsipial mövqeyini ortaya qoymağa şərait yaradacaq. Yəni mövqeyini iştirakçı dövlətlərə çatdıracaq. Həmin konfransın keçirilməsi reallaşarsa, o zaman orada iştirak edən Aİ ölkələri Azərbaycanın mövqeyini nəzərə almalıdırlar. Məsələ ondadır ki, Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlər az deyil. Əminəm ki, sözügedən konfransın bir sıra iştirakçıları arasında bizimlə partnyorluq münasibətlərində olan ölkələr az deyil. Ona görə də belə bir tədbirlərin keçirilməsi, əlbəttə ki, Azərbaycanın maraqlarına tam cavab verir. Biz bu kimi tədbirlərdən tam və geniş mənada istifadə etməliyik ki, Azərbaycanın maraqları, reallıqları və ölkədə baş verən hadisələr, Ermənistanın işğalçı siyasəti həmin konfransda öz əksini tapsın”.
Vidadi ORDAHALLI