Ermənistan rəsmiləri bir qayda olaraq təxribatçı bəyanatlarını davam etdirirlər. Bəzən elə açıqlamalar verirlər ki, adamın ayağının altından yer qaçır.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da daim yalan, məkrli və təhlükəli bəyanatlarla gündəmə gəlməyə adət edib.
O, Ermənistanın İctimai Televiziyasına müsahibəsində növbəti təxribatçı, yalan və məkrli bəyanatını verib. Ermənistan Təhlükəsizlik Şurasının katibi “Laçın yolunun Rusiya Federasiyasına aid olduğunu” bəyan edib. O iddia edib ki, Qarabağı Ermənistanla birləşdirən Laçın yolu Rusiyaya “məxsusdur”. Jurnalist ondan soruşur ki, Rusiya Laçın yoluna nəzarət edir? Qriqoryan isə cavabında “9 noyabr 2020-ci il üçtərəfli bəyanatına (Ermənistan, Rusiya, Azərbaycan başçılarının Qarabağ üzrə - INTERFAX.RU) uyğun olaraq, Laçın yolu Rusiyaya məxsusdur, orada Rusiya sülhməramlıları yerləşdirilib”-deyə əsassız açıqlama verib.
Qeyd edək ki, bu barədə INTERFAX.RU məlumat yayıb.
A.Qriqoryanın bu iddiası Ermənistanın ali hakimiyyəti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmamasına daha bir sübutdur. Halbuki, Laçın yolu Azərbaycana məxsusdur, onun Rusiyaya aid olduğunun iddia edilməsi absurddur.
“Ermənilər qəbul etsələr də, ertməsələr də Azərbaycanın ərazi bütövlüyü təmin olunub...”
A.Qriqoryanın sərsəm bəyanatına şərh verən siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Laçın yolu Rusiyaya məxsusdur” bəyanatı erməni cahilliyinin növbəti nümünəsidir. “Bu cür bəyanatları təkcə Qriqoryan verməyib, digər rəsmi şəxslər də, o cümlədən baş nazir Nikol Paşinyan da verib. Bunların düşüncəsinə görə, Laçın yoluna, Azərbaycan-Ermənistan sərhədinə guya ruslar nəzarət etməlidir. Bunu 10 noyabr bəyanatının 6-cı bəndinin tələbləri ilə izah edirlər. Ancaq 10 noyabr bəyanatında açıq şəkildə yazılıb ki, rus sülhməramlıları Laçın yoluna nəzarət edirlər, ancaq rus sülhməramları yol boyu yerləşirlər. 22 metrlik yol rus süelhməramlılarının nəzarətindədir. Sərhədə, Laçın yolundan keçid məntəqəsinə nəzarət etmək rus sülhməramlılarının səlahiyyətləri daxilində deyil. Çox təəssüf ki, ermənilər bunu başa düşmürlər. Üstəlik, Zəngəzur dəhlizi də rus sərhəd xidmətinin nəzarətindədir. Onda görə Ermənistan orada nəzarət-buraxılış məntəqəsi qurmaq istəyir? Elə bəyan etsinlər ki, Zəngəzur dəhlizi də ruslara məxsusdur. Çünki eyni müddəalar həm 6-cı bənddə, həm də 9-cu bənddə var. Mən güman edirəm ki, bu məsələləri Azərbaycanın Xarici İşlər Nazirliyi ciddi şəkildə araşdırıb ermənilərin də nəzərinə çatdırmalıdır. Onlara izah olunmalıdır ki, nə qədər ki Laçın yolu ilə bağlı başqa razılaşma yoxdur, Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmaqda azaddır. Bu həm üçtərəfli bəyanata, həm də beynəlxalq hüquqa tamamilə uyğundur”-deyə A.Səmədov qeyd etdi.
Onun fikrincə, bunu həm ermənilərə, həm də onlara dəstək verənlərə izah etmək lazımdır, amma çox təəssüf ki, indiyə qədər belə bir izahat verilməyib: “Nəticə bundan ibarətdir ki, bütün dünya üstümüzə qalxıb və tələb edirlər ki, nəzarət-buraxılış məntəqəsi götürülsün. Bu təzyiqlərə dayanmaq üçün mütləq ciddi izahat işi aparılmalıdır. Bunün üçün də araşdırmaq, Laçın yolunun tarixi məsələsini öyrənmək lazımdır. 1997-1998-ci illər təkliflərində onunla bağlı yazılan müddəlar dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Təbiidir ki, ermənilərə də izah olunmalıdır. Əks halda dünyanın iri güclərinin təzyiqlərinə dayanmaq çox çətin olacaq. Ermənilərin bəyanatları nəyə xidmət edir? Təbiidir ki, onlar belə bir nəzarət-buraxılış məntəqəsinin qurulmasını istəmirlər. Bunu aradan götürmək üçün erməni tərsliyi ilə hər şeyə getməyə cəhd göstərirlər, dünyanı üstümüzə qaldırmağa çalışırlar, qaldırıblar da. İndi lazımdır ki, biz də hərəkət edək, biz də fəal olmalıyıq”.
A.Səmədov “Armen Qriqoryanın bu bəyanatı Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etməmək cəhdidir. Ermənilər qəbul etsələr də, ertməsələr də Azərbaycanın ərazi bütövlüyü təmin olunub, amma suverenliyimizi tam təmin edə bilməmişik. Baxmayaraq ki, Praqada ermənilər Azərbaycanın ərazü bütövlüyünü və suverenliyini qəbul etdiklərini öz imzaları ilə təsdiq etdilər, Paşinyan və Fransa prezidenti Makron buna qol çəkdi. Sonradan Soçidə eyni məzmunlu sənədin altından Putin də qol çəkdi və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etdiklərini bəyan etdilər. Ancaq Armen Qriqoryanın bu bəyanatı göstərir ki, onlar Azərbaycanın öz ərazisi üzərində suverenliyini qəbul etmək istəmirlər və hesab edirlər ki, Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsi qura bilməz, Azərbaycanın suverenliyi o əraziyə şamil olunmur”-deyə vurğuladı.
İradə SARIYEVA