Molla rejimi uzun illərdir himayə edib Azərbaycana qarşı istifadə etdiyi terrorçulara qarşı addımlar atmağa başlayıb.
MOUZE Telerqram kanalının yaydığı məlumata görə, Azərbaycanın axtarışa verdiyi xainlər İranda həbs edilib. İranın qeyri-rəsmi sayılan, lakin hökumətə bağlı "Azəriha" saytı yazır ki, Orxan Məmmədov və Tohid İbrahimbəyli həbs edilib. Onların beş gün öncə Qumda həbs edildiyi deyilir.
Qeyd edilir ki, onlar Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən rəsmi axtarışdadır. Onlar illər öncə İrana keçib və "Hüseyniyyun" adlı, din adı altında terror qruplaşması yaradıb və Azərbaycan Respublikası dövlətçiliyinə zidd təbliğatla məşğul olurdular.
Qeyd edək ki, bu barədə Azad İran Teleqram kanalı da məlumat yayıb. Amma hələ ki, molla rejiminin əlaltıları olan terrorçu Orxan Məmmədov və Tohid İbrahimbəylinin həbsi rəsmən təsdlənməyib.
Gəncə hadiələrində birbaşa əlləri olan və Azərbaycanda utopik “Kərimə dövləti” yaratmaq eşqinə düşən bu rejim nökərlərinin indi öz ağaları tərəfindən həbsə atıldığına dair məlumat yayılıb.
Molla rejimi himayə etdiyi azərbaycanlı terrorçuları niyə həbs edib?
“Əgər onlar həbs ediliblərsə, ehtimal etmək olar ki, İran hakimiyyəti onları tutub Azərbaycana vermək və bununla da münasibətləri düzəltmək istəyir”
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə “Düzdür, “Hüseyniyyun”un aparıcı fiqurlarının ikisinin - Orxan və Tohidin həbsi ilə bağlı xəbər yayılıb. Yayılan məlumatlara görə, onlar beş gün əvvəl həbs ediliblər (təxminən 22 aprel tarixində-Ə.T). Amma bu barədə İranın rəsmi informasiya mənbələri heç bir məlumat verməyib. Hətta nə “Amerikanın səsi”, nə də “Radio Fərda” kimi nüfuzlu informasiya vasitələrində də məlumat getməyib. Məlumatı yayan mənbə isə bir qədər avantüristliyi ilə seçilən informasiya mənbəyidir. Əgər bu hadisə baş veribsə, demək “Hüseyniyyun” təşkilatında ciddi şəxsiyyət problemi var. Bundan başqa, həmin o iki nəfərin nə üstə tutulduğu, onlara qarşı irəli sürülən ittihamlar məlum deyil. Əgər bu hadisə baş veribsə, yəni yayılan məlumat doğrudursa, onda bunun bir neçə səbəbi var. Birinci səbəb o ola bilər ki, “Hüseyniyyun”da ciddi fikir ayrılığı, sui-istifadə halları var. “Hüseyniyyun” böyümədən ölən təşkilatdır, Tehran hakimiyyəti seçimində yanlışlıq edib. Burada başqa versiyalar irəli sürmək olar. Əgər onlar həbs ediliblərsə, ehtimal etmək olar ki, İran hakimiyyəti onları tutub Azərbaycana vermək və bununla da münasibətləri düzəltmək istəyir. Yəni bu da versiyalardan biridir. Yaxud İran hakimiyyəti bunları tutub sonra sərbəst buraxmaqla onları bir qədər də məşhurlaşdırmaq istəyir”-deyə bildirdi.
S.Soltanın növbəti ehtimalına görə isə, İran rejimi, İran siyasi, ideoloji düşüncəsi “öz doğduqlarını”, “balalarını” yeyir. “Çünki bu rejimin mahiyyətində özününküləri yemək, yəni kannibalizm (öz nəslindən olanları yemək) var. İndiyə qədər bu rejim neçə-neçə ayətullahı, hərbçini, sadə insanları, öz vətəndaşlarını qətl edib, öldürüb. Yəni molla rejiminin kannibalizm xüsusiyyəti var. Ehtimal etmək olar ki, Orxan və Tohid də o kannibalizmin qurbanlarındandır”-deyə S.Soltan əlavə etdi.
Əli TURABOV