Ukraynada martın 31-də keçirilən prezident seçkilərində ən çox səs alaraq ikinci tura çıxan komediyaçı Vladimir Zelenski və hazırki prezident Petro Poroşenko narkoloji testdən keçib.
Baki-xeber.com xəbər verir ki, Petro Poroşenko birinci turda itirdiyi dəstəyi yenidən qazanmaq üçün siyasi təcrübəsi olmayan rəqibini televiziya proqramında debata çağırıb.
Zelenski isə Poroşenkonun təklifini qəbul edib. Ancaq narkotik və qan testlərindən keçirilməsi şərtini qoyan Zelenski, debatın televiziya studiyasında deyil, paytaxt Kiyevdə bir stadionda, xalqın iştirakı ilə keçirilməsini istəyib. Poroşenko da ilk turda birinci olan Vladimir Zelenskinin təklifini qəbul edib.
"Biz yeni ənənələr icad edirik deyən" Poroşenko, Kiyev Olimpiya Stadionuna gələrək analiz verib. Petro Poroşenko bu anı Facebook səhifəsində canlı yayımlayıb. O, həkimlərin, ilk nəticələrə görə heç bir problem olmadığını söylədiyini deyib.
Poroşenko, namizədlərin narkotik maddə istifadə etmədiyini sübut etməsinin, milli təhlükəsizlik məsələsi olduğunu bildirib.
Özəl bir klinikada analiz verən Zelenski, isə Poroşenkonun testləri müqayisə etmək təklifini rədd edib. Onun testlərinin nəticəsinin isə 3 gündən sonra açıqlanacağı gözlənir.
Qanuna əsasən, debat seçkilərdən əvvəlki son cümə günü, yəni aprelin 19-da keçirilməlidir.
Qeyd edək ki, seçkilərin ikinci turu aprelin 21-də keçiriləcək.