Liviya Milli Ordusunun komandanı, general Xəlifə Hafter bütün qeyri-qanuni silahlı qruplaşmaların təmizlənməsi məqsədilə tabeliyindəki qüvvələrin paytaxt Tripoliya daxil olmasını əmr edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, onun ordusu paytaxtın 27 km-nə çatıb.
General Hafter, ölkənin şərqindəki Tobruk mərkəzli Nümayəndələr Palatası tərəfindən dəstəklənir, BMT-nin də daxil olduğu beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti isə, Tripolidə Baş nazir Fayiz Serracın başçılıq etdiyi Milli Razılaşma Hökumətini tanıyır. Hafterin arxasında Rusiya, Fransa, Misir və Birləşmiş Ərəb Əmrliklərinin dayandığı bildirilir.
Liviya Milli Razılaşma Hökuməti ölkədə fövqəladə vəziyyət elan edib. Prezidentin qərarından sonra gərginlik daha da artıb. Hökumət Hafterin Tripoli üzərinə yürüşünə qarşı hərəkətə keçib.
Liviya Milli Razılaşma Hökumətinin pəhbəri Hava Qüvvələri qüvvələrinə göstəriş verib ki, hava hücumlara başlasın. Bu təlimatın dinç sakinlərin həyatını qorumaq üçün verildiyi bildirilir.
Daxili İşlər Nazirliyi isə gözlənilən qarşıdurmalara görə bütün məsuliyyəti üsyançı general Hafterin üzərinə qoyub.
BMT-nin Baş katibi Antonio Quterres böhranın dialoq yolu ilə həll edilə biləcəyini vurğulayıb. Avropa İttifaqının Liviyadakı nümayəndə heyəti isə tərəflərdən qızışdırıcı addımlardan imtina etmələrini istəyib.
ABŞ, Fransa, Böyük Britaniya, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin birgə bəyanatında, hərbi çevrilişə qarşı olduqları vurğulanıb və Britaniya BMT Təhlükəsizlik Şurasını mövzu ilə bağlı təcili yığıncağa dəvət ediblər.
Moskva isə ümid edirik ki, Liviyada güc ssenarisi tətbiq olunmayacaq və mövcud böhran siyasi-diplomatik yolla həllini tapacaq. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Biz bir neçə ildir ki, bunun üçün səy göstəririk”, - deyə bildirib.